Bakı. Trend:
Noyabrın 6-da Vaşinqtonda ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında dialoq platforması olan C5+1 formatında növbəti sammit keçirilib. Artıq on ilini tamamlayan bu format, nəhayət, həqiqətən də canlanıb. Əgər əvvəllər görüşlər daha çox formal xarakter daşıyırdısa, indi görüşlər real siyasi və iqtisadi məzmun qazanmaqdadır.
Region ölkələrinin liderləri ilə keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Vaşinqton bundan sonra əvvəlki administrasiyanın etdiyi kimi Mərkəzi Asiyanı diqqətdən kənarda qoymayacaq. “C5 kimi tanınan Mərkəzi Asiya ölkələri dünyanın tarixi və coğrafi qovşağında yerləşir. Bir vaxtlar onlar Şərq ilə Qərbi birləşdirən qədim İpək yolunun yurdu olub. Bu gün isə Avrasiyanın tam mərkəzində yerləşmələri onlara xüsusi əhəmiyyət və potensial qazandırır”, - deyə ABŞ lideri bildirib.
Mahiyyət etibarı ilə, ABŞ regiona təkcə siyasi deyil, həm də iqtisadi xarakter daşıyan yeni gündəmlə qayıdır.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Trend-ə açıqlamasına görə, hazırkı administrasiya investisiyaları və Amerika şirkətlərinin regiondakı iştirakını xarici siyasət aləti kimi qiymətləndirir.
“Bu, Prezident Trampın xarici siyasət fəlsəfəsidir və mənim təcrübəmə əsasən, unikal yanaşmadır. Düşünürəm ki, o, C5+1 formatını məhz strateji tərəfdaşlıq aləti kimi – ABŞ-nin mövqelərini və region ölkələrinin dayanıqlığını gücləndirmək üçün istifadə etməyi planlaşdırır”, – deyə diplomat vurğulayıb.
Zirvə toplantısının əsas mövzusu resurslar olub. Görüş ərəfəsində Tramp administrasiyası iqtisadiyyat və milli təhlükəsizlik üçün zəruri olan 60 strateji faydalı qazıntının siyahısını dərc edib. Onların 15-i nadir torpaq elementləridir ki, bu elementlər olmadan elektronika, müdafiə texnologiyaları və “yaşıl energetika" istehsalı mümkün deyil.
Mərkəzi Asiya bu resursların hasil edilə biləcəyi istiqamətlərdən biridir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan zəngin mineral bazasına malikdir, lakin hələlik emal sənayesini inkişaf etdirməyiblər. İnvestisiyalar olmadan region yalnız filiz ixrac edən, amma hazır məhsul istehsal etməyən mənbə olaraq qala bilər. Sammitdə Qazaxıstan və ABŞ arasında strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Həmin gün “Tau-Ken Samruk” şirkəti və ABŞ-nin “Cove Capital” şirkəti Karaqanda vilayətindəki ən iri volfram yataqlarının birgə işlənməsi barədə razılığa gəldiklərini açıqlayıblar – investisiyaların həcmi bir milyard dollardan çox olacaq.
Bundan əlavə, Donald Tramp Özbəkistanla böyük bir müqavilə barədə də məlumat verib:
“Növbəti üç il ərzində Özbəkistan təxminən 35 milyard dollarlıq alış və investisiya həyata keçirəcək, növbəti on il ərzində isə mineralların hasilatından tutmuş İT və energetika sahələrinə qədər əsas Amerika sektorlarına 100 milyard dollardan çox sərmayə yatıracaq”, - deyə o, öz paylaşımında bildirib.
Beləliklə, ABŞ-nin regiondakı əsas diqqət istiqamətləri aydındır: strateji resurslar, investisiyalar və infrastruktur. Bütün bunlar Mərkəzi Asiyanı Amerikanın iqtisadi diplomatiyasının açar istiqamətlərindən birinə çevirir.
Lakin məsələ yalnız hasilatla bitmir. Növbəti mərhələ – resursların daşınmasıdır, yəni tranzit. Bu məqamda isə ön plana Azərbaycan çıxır. Bir sıra ekspertlər çoxdan qeyd edirlər ki, C5 formatına Bakının da daxil edilməsi məntiqli olardı. “Caspian Policy Center”in sədri, ABŞ-ın keçmiş səfiri Riçard Hoqland deyib:
“Bəlkə də artıq C6 formatından danışmaq daha düzgün olar, çünki Azərbaycan C5 görüşlərində iştirakını getdikcə daha da fəallaşdırır”.
Doğrudan da, ölkəmizin yeni nəqliyyat marşrutlarındakı rolu olduqca mühümdür. ABŞ Prezidenti Donald Tramp TRIPP (“The Trump Route for International Peace and Prosperity”) layihəsi haqqında danışarkən Azərbaycanın əsas halqa kimi əhəmiyyətini vurğulayıb.
“Bu, dünyanın ən mühüm bölgələrindən keçən yeni bir yoldur. O, Xəzərin o tayında da ticarət aktivliyini artıracaq və Mərkəzi Asiya ölkələrinin inkişafına güclü təkan verəcək”, – deyə o qeyd edib.
Layihə barədə region liderləri də fikir bildiriblər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonun, o cümlədən TRIPP-in sülhməramlı təşəbbüslərini dəstəklədiyini bildirib və vurğulayıb ki, bu layihə “Orta Dəhlizin daha da inkişafına töhfə verə bilər”.
Azərbaycan Prezidenti İlham Əliyev isə son açıqlamasında TRIPP layihəsinin mütləq reallaşacağını bildirib.
“Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”,- deyə dövlət başçısı vurğulayıb.
Zəngəzur dəhlizi, yaxud TRIPP, sadəcə nəqliyyat layihəsi deyil. Bu, Mərkəzi Asiyanı Xəzər üzərindən Avropa ilə birləşdirən Orta Dəhlizin yeni infrastruktur arteriyasıdır. Azərbaycan bu layihəyə böyük səylər sərf edib. Son iki ildə bu marşrut üzrə yükdaşımalar təxminən 90 faiz artıb. Ölkə Xəzərdə ən iri donanmaya, doqquz beynəlxalq hava limanına və Bakı–Tbilisi–Qars dəmir yoluna malikdir. Bütün bunlar Azərbaycanı beynəlxalq daşımalar üçün əvəzolunmaz halqaya çevirir.
ABŞ-nin keçmiş səfiri Con Herbşt Trend-ə açıqlamasında qeyd edib: “Orta Dəhliz böyük iqtisadi potensiala malikdir və Vaşinqton bunun əhəmiyyətini yaxşı anlayır. ABŞ bu layihənin reallaşmasına kömək etmək üçün öz imkanlarından istifadə edəcək”.
ABŞ üçün Azərbaycan – regiona “pəncərə”dir. Mərkəzi Asiya üçün isə coğrafi təcriddən çıxış yoludur. Bu gün Xəzər regionu və Mərkəzi Asiya məkanında heç bir tranzit təşəbbüsü Azərbaycan olmadan mümkün deyil. Bu isə xüsusilə Vaşinqtonun regiondakı strateji məqsədləri baxımından mühüm əhəmiyyət daşıyır: ABŞ-ni maraqlandıran təkcə resurslar deyil, həm də dayanıqlı nəqliyyat əlaqələridir.
Region bu gün demək olar ki, bütün güc mərkəzləri üçün cəlbedici istiqamətə çevrilib və burada Azərbaycanın rolu həlledici xarakter daşıyır. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi strateji siyasət nəticəsində ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat, enerji və siyasi körpüyə çevrilib. Məhz onun sayəsində regionda beynəlxalq münasibətlərin yeni məntiqi və bütün tərəflər üçün – istər ABŞ, istərsə də Asiya üçün – yeni imkanlar məkanı formalaşır.
