Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub və onlara yönələn aylıq sosial ödənişlər orta hesabla 2 dəfədən çox artırılıb.
Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, eyni zamanda şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,9 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib:
"Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 91 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib .Müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 28,1 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 403 min xidmət göstərilib".
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.