...

"Qarabağ" neft yatağı layihəsinə iri infrastruktur investisiyaları tələb olunmayacaq - bp

Energetika Materials 7 Noyabr 2025 14:48 (UTC +04:00)
"Qarabağ" neft yatağı layihəsinə iri infrastruktur investisiyaları tələb olunmayacaq - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" neft yatağı layihəsinə iri infrastruktur investisiyaları tələb olunmayacaq.

Trend xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı şirkət tərəfindən “Qarabağ” layihəsi çərçivəsində seysmik tədqiqatlar proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsinin müzakirəsinə həsr olunmuş onlayn görüş zamanı deyib.

bp şirkəti “Qarabağ” yatağının işlənməsi üzrə Risklərin Xidmət Sazişi (Risk Service Agreement) çərçivəsində operator qismində çıxış edir.

“"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının işlənməsi zamanı həyata keçirilən genişmiqyaslı infrastruktur investisiyalarından fərqli olaraq, burada əlavə iri xərclərə ehtiyac olmayacaq. Çünki mövcud sualtı infrastrukturdan istifadə ediləcək. İnvestisiyalar yalnız qoşulma və inteqrasiya işlərinə yönəldiləcək”, - deyə o qeyd edib.

Bayatlı bildirib ki, hasil olunacaq nefti mövcud sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına, oradan isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə nəql etmək mümkün olacaq.

“Bu layihə bizim üçün böyük önəm kəsb edir və Azərbaycan üçün də olduqca faydalıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” yatağının müqavilə sahəsi Bakının 120 kilometrliyində, 150–200 metr dərinlikdə, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Əşrəfi–Dan Ulduzu–Aypara” (ƏDUA) müqavilə sahələrinə yaxın ərazidə yerləşir.

2018-ci ildə “Qarabağ” yatağının işlənməsi üzrə Risk Xidmət Sazişi (Risk Service Agreement, RSA) imzalanıb. 2025-ci ilin may ayında bp şirkəti bu saziş çərçivəsində 35 faiz pay əldə edərək layihənin operatoru olub. SOCAR-ın törəmə qurumu isə RSA-da 65 faiz iştirak payını qoruyub saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti