...

OPEK Fondu Azərbaycanda "yaşıl" layihələr portfelini genişləndirməyi planlaşdırır - əl-Xəlifə (Özəl müsahibə)

İqtisadiyyat Materials 7 Noyabr 2025 11:23 (UTC +04:00)
OPEK Fondu Azərbaycanda "yaşıl" layihələr portfelini genişləndirməyi planlaşdırır - əl-Xəlifə (Özəl müsahibə)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

OPEK İnkişaf Fondu qarşıdakı illərdə Azərbaycanda “yaşıl” layihələr portfelini genişləndirməyə hazırlaşır.

Bunu Trend-ə özəl müsahibədə Fondun prezidenti Əbdülhəmid əl-Xəlifə deyib.

Onun sözlərinə görə, OPEK Fondu Mərkəzi Asiya ölkələrinə göstərilən dəstəyin həcmini artırır. Hazırda fondun öhdəliklərinin ümumi dəyəri 1 milyard ABŞ dollarını ötür və buna dövlət və özəl sektor kreditləri, eləcə də qrantlar daxildir.

“Bundan əlavə, Fond Azərbaycandakı fəaliyyətini genişləndirməyi planlaşdırır və yaxın üç il ərzində inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1 milyard ABŞ dollarına qədər vəsait ayıracaq. Bu vəsait su təchizatı və sanitariya sistemlərinə yeni investisiyaların dəstəklənməsi, nəqliyyat infrastrukturunun inkişafı və dayanıqlı, müasir şəhərlərin yaradılması məqsədilə ayrılacaq”,- deyə Əbdülhəmid əl-Xəlifə bildirib.

O qeyd edib ki, fondun regiondakı əsas vəzifəsi ölkələrin dayanıqlı və inklüziv inkişafına töhfə vermək, maliyyə və texniki resurslarını regionun prioritetlərinə və hər bir ölkənin konkret ehtiyaclarına yönəltməkdir.

“Biz üç qarşılıqlı əlaqəli məqsədə çatmağa çalışırıq. Birincisi, nəqliyyat, enerji və su infrastrukturunun əlaqəliliyini artırmaqla yeni iqtisadi imkanlar açmaqdır. İkincisi, enerji keçidinə və iqlim dəyişikliyinə qarşı dayanıqlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdir. Üçüncüsü isə özəl sektorun maliyyələşdirilməsini artırmaq və kiçik və orta müəssisələrin dayanıqlı və inklüziv gəlir mənbələrinə çıxışını genişləndirməkdir”, - deyə o əlavə edib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, fond regionun insanları və iqtisadiyyatı üçün uzunmüddətli müsbət təsir göstərməyə çalışır.

“Biz artıq Qazaxıstan və Türkmənistanla (2024-cü ildə imzalanıb), eləcə də Azərbaycanla (2025-ci ildə imzalanıb) yeni çərçivə tərəfdaşlıq sazişləri bağlamışıq. Bundan başqa, Tacikistanla 100 milyon ABŞ dolları məbləğində kreditin verilməsini və 3600 MVt gücündə Roqun Su Elektrik Stansiyasının tikintisinin birgə maliyyələşdirilməsini nəzərdə tutan Çərçivə Maliyyələşdirmə Memorandumu qüvvədədir. Tikinti başa çatdıqdan sonra 335 metr hündürlüyə malik bənd dünyada ən yüksək bənd olacaq”, – deyə o bildirib.

Fondun prezidenti vurğulayıb ki, son illərdə Azərbaycan büdcə idarəçiliyinin səmərəliliyi və iri infrastruktur investisiyaları sayəsində əhəmiyyətli iqtisadi artıma nail olub.

“Bu irəliləyişi əsas götürərək, məqsədimiz ölkəyə iqtisadiyyatını dayanıqlı inkişaf istiqamətində şaxələndirməkdə kömək etmək, özəl sektoru maliyyə resurslarına çıxışın yaxşılaşdırılması və yerli və beynəlxalq tərtibatçılarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji sahəsində potensialın artırılması yolu ilə gücləndirməkdir”, - deyə o qeyd edib.

Əbdülhəmid əl-Xəlifə əlavə edib ki, OPEK Fondu ilə Azərbaycan hökuməti arasında 2025-ci ilin iyun ayında imzalanmış Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Proqramı orta müddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirir.

Bu proqram bərpa olunan enerji mənbələrinin inkişafına, müasir və dayanıqlı infrastrukturun yaradılmasına, su təchizatı və sanitariya sistemlərinin təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına, özəl sektorun dəstəklənməsinə və rahat şəhər mühitinin formalaşdırılmasına yönəlib.

“Hazırda biz tərəfdaşlarımızla birlikdə bu sahələrdə investisiya paketinin müəyyənləşdirilməsi və hazırlanması üzərində işləyirik, layihələrin Azərbaycanın milli inkişaf və iqlim strategiyalarına tam uyğunluğunu təmin edirik”,- deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə qeyd edib ki, 1 milyard ABŞ dollarına qədər yeni maliyyələşdirmə təmiz suya və sanitariyaya çıxışın genişləndirilməsi, nəqliyyat şəbəkələrinin və şəhər xidmətlərinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, eləcə də dayanıqlı mobillik və infrastrukturun dəstəklənməsi üçün istifadə olunacaq – bunlar inklüziv, “yaşıl” və dayanıqlı şəhərlərin əsas elementləridir.

“Biz, həmçinin, innovasiyaların və məşğulluğun əsas hərəkətverici qüvvəsi olan özəl sektoru, xüsusilə mikro, kiçik və orta biznesi dəstəkləməyə davam edəcəyik. Texniki yardım və potensialın artırılması tədbirləri bu investisiyaları tamamlayacaq, milli qurumlara layihələri effektiv şəkildə planlaşdırmaq və həyata keçirməkdə kömək edəcək”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı ölkədə artıq həyata keçirilən əsas layihələrdən biri – Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən hazırlanmış və OPEK Fondunun 50 milyon ABŞ dolları həcmində krediti hesabına birgə maliyyələşdirilən Qobustandakı “Area-1” külək elektrik stansiyasına yatırılan investisiyaların effektivliyini görmək imkanı olub.

“Bu obyekt 240,5 MVt gücündə Xızı–Abşeron külək energetikası layihəsinin bir hissəsidir və bu, Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində ilk iri miqyaslı müstəqil investisiyadır. Layihə ildə 907 QVt- saat təmiz elektrik enerjisi istehsal etməyə, 300 mindən çox ev təsərrüfatını enerji ilə təmin etməyə və illik karbon qazı emissiyalarını təxminən 400 min ton azaltmağa imkan verir”, – deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, OPEK Fondunun Azərbaycanın “yaşıl” enerji keçidinə dəstəyi məqsədyönlü və sistemlidir. Artıq “yaşıl keçid” planının hazırlanmasına dair texniki yardım proqramı işə salınıb və bu çərçivədə fond hökumətə islahatların hazırlanmasında, investisiya imkanlarının qiymətləndirilməsində və ekoloji baxımdan dayanıqlı infrastrukturun qurulması potensialının gücləndirilməsində kömək göstərir. Həmçinin, “ACWA Power” şirkəti ilə əməkdaşlıq davam edir və ölkədə iqlim yönümlü investisiyaların genişləndirilməsi istiqamətində fəal iş aparılır.

“OPEK Fondu təmiz enerji, infrastruktur və dayanıqlı gəlir mənbələri sahələrinə vəsait cəlb etməyə davam edəcək. Biz Azərbaycanı yalnız indi deyil, qarşıdakı illərdə də “yaşıl” layihələr portfelinin genişləndirilməsi istiqamətində dəstəkləyəcəyik. Azərbaycan hökuməti, özəl sektor, eləcə də Ərəb Koordinasiya Qrupu və digər çoxtərəfli təşkilatlar da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açığıq ki, ölkənin effektiv, genişmiqyaslı və dayanıqlı “yaşıl” keçidini təmin edək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, OPEK Fondunun Azərbaycanla tərəfdaşlığı 2003-cü ildən başlayıb və kənd təsərrüfatı, energetika, infrastruktur və özəl sektorun inkişafı sahələrində layihələrin dəstəklənməsini əhatə edir.

OPEK Fondu – müstəsna olaraq üzv ölkələrdən toplanan vəsait hesabına OPEK-ə daxil olmayan ölkələrə maliyyə dəstəyi göstərən qlobal mandatlı yeganə beynəlxalq təşkilatdır. Qurum inkişaf etməkdə olan ölkələrlə və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımı və sosial tərəqqini təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti