Bakı.Trend:
“İçərişəhər" stansiyasının arxasında inşa ediləcək yeni dönmə kamerası Bakı Metropolitenində intervalın azaldılmasına şərait yaradacaq, bu proses isə sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək.
Bunu Trend-ə bu gün “Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi tədbiri çərçivəsində “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov deyib.
“İşlər elə icra ediləcək ki, qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinlərini daşıyacaq. Bu, metro üçün çox vacib inşaat məsələsidir, çünki gələcəkdə xətlərin ayrılması ilə əlaqədar intervalın azaldılması böyük əhəmiyyət kəsb edəcək”, - o əlavə edib.
B. Məmmədov vurğulayıb ki, inşaat sahəsi stansiyanın qala istiqamətində yox, əks tərəfdə yerləşəcək:
“Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə, sərnişin axınına heç bir təsir göstərməyəcək. Stansiyanın yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət planlaşdırılmır.”
O əlavə edib ki, layihənin yer seçimi və texniki həlli ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.
