Bakı. Trend:
Orta Dəhliz Azərbaycanın iqtisadi artımının strateji hərəkətverici qüvvəsinə çevrilə bilər.
Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında deyilir.
“Hüquqi və iqtisadi ticarət siyasətində baş verən qlobal dəyişikliklər, həmçinin Süveyş kanalı və Rusiya ərazisindən keçən tranzitlə bağlı risklər dünya ticarət axınlarının yenidən bölgüsünə gətirib çıxarır. Bu kontekstdə Xəzər-Qara dəniz istiqamətindəki Orta Dəhliz yeni strateji əhəmiyyət qazanır: 2021–2023-cü illərdə aşağı bazadan artım müşahidə olunduqdan sonra cari onillikdə tranzit həcmlərinin 3–4 dəfə artacağı gözlənilir”,- materialda bildirilir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
