Bakı.Trend:
Bakı Metropolitenində 3 yeni qatarın xəttə buraxılması intervalın azalmasına səbəb olmayacaq.
Trend xəbər verir ki, bunu bu gün “Nərimanov" elektrik deposunda 3 yeni qatarın xəttə verilməsi tədbirində “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda metroda tətbiq olunan interval texniki cəhətdən mümkün olan ən minimal həddədir:
“Hazırda Bakı Metropolitenində qatarların hərəkət intervalı texniki baxımdan ən aşağı səviyyəyə endirilib. Son 16 ildə 3 dəfə 2 dəqiqədən də az 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu, infrastrukturun hazırkı vəziyyətinə görə mümkün olan minimumdur”, - deyə B. Məmmədov qeyd edib.
Qurum rəsmisi bildirib ki, xətlərin ayrılması prosesi başlandıqdan sonra bu məsələ yenidən gündəmə gələ bilər.
"Bunun üçün İçərişəhər stansiyasının arxasında dalanın tikintisi planlaşdırılıb. Layihə təsdiqlənib və yaxın vaxtlarda inşaat işlərinə başlanacaq.
Dövlət proqramına uyğun olaraq,10 yeni stansiyanın inşası nəzərdə tutulur və prosesin 2026-cı ildə aktiv fazaya keçməsi planlaşdırılır", - o əlavə edib.
