Bakı. Trend:
“Trading Economics” beynəlxalq onlyan platforması Azərbaycanda yaxın illər üçün ümumdaxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını dərc edib.
Trend “Trading Economics”ə istinadən xəbər verir ki, 2025-ci ildə ölkənin faktiki iqtisadi artımı 2,5 faiz təşkil etməkdədir, 2025-ci ilin dördüncü rübündə isə illik ÜDM artımı 3,5 faiz olacaq.
2026-cı ilin birinci rübündə 3,7 faiz, ikinci rübündə isə 3 faiz artım gözlənilir, həmin ilin üçüncü rübündə isə Azərbaycanın ÜDM artımında dəyişiklik olmayacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 95,2 milyard manat məbləğində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, lakin qeyri-neft-qaz sektorunda 2,9 faiz artım müşahidə olunub. ÜDM istehsalı strukturunda 34,2 faiz sənaye, 10,5 faiz ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,0 faiz nəqliyyat və anbar təsərrüfatı, 6,8 faiz kənd, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faiz tikinti, 2,8 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faiz informasiya və rabitə, 20,7 faiz isə digər fəaliyyət növlərinin payına düşür.
Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Adambaşına düşən ÜDM 9 300,3 manat olub.
