Bakı. Trend:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yeni yaşayış sahələri alacaq.
Trend-in məlumatına görə, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Bakı şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.
Bildirilib ki, satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.
“İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır”, - məlumatda vurğulanıb.
İKZF artıq bununla bağlı işlərə start verib.
Fond satın alınması nəzərdə tutulan yaşayış sahələrinə ümumilikdə 199,5 milyon manat sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, İKZF bir müddət əvvəl Sumqayıt şəhərində satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yeni yaşayış sahələrinin alınması ilə bağlı işlərə başlayıb.
