...

ATƏT-in Minsk qrupu tərəfləri sülh sazişinin işlənməsinə başlamağa çağırıblar - bəyanat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2010 22:17 (UTC +04:00)
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Bakı və Yerevandakı görüşlər zamanı öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq edilməməsi və ya güc təhdidi olmadan, ərazi bütövlüyü və bərabərlik, xalqların öz müqəddəratını təyin etməsi haqqında Helsinki prinsiplərinə əsaslanan həllinə sadiq olduqlarını qeyd ediblər.
ATƏT-in Minsk qrupu tərəfləri sülh sazişinin işlənməsinə başlamağa çağırıblar - bəyanat

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Bakı və Yerevandakı görüşlər zamanı öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq edilməməsi və ya güc təhdidi olmadan, ərazi bütövlüyü və bərabərlik, xalqların öz müqəddəratını təyin etməsi haqqında Helsinki prinsiplərinə əsaslanan həllinə sadiq olduqlarını qeyd ediblər.

Bununla əlaqədar olaraq onlar hər iki tərəfin əldə etdiyi və etiraf etdiyi irəliləyişi qeyd ediblər və bildiriblər ki, üç həmsədr ölkənin prezidentlərinin Akvildə formalaşdırdıqları və onların 2010-cu il iyunun 26-dakı bəyanatlarında təkrarladıqları elementlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının əsası olmalıdır. Bu barədə Minsk qrupunun ATƏT-in saytında dərc olunmuş bəyanatında deyilir.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən "Böyük səkkizlik"in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

Bəyanatda bildirilib ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar.

Bunlar yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması (bu məsələdə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələcək), bərpa işlərinin aparılması, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; ancaq sonda tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.

Həmsədrlər təkidlə tərəfləri konstruktiv kompromis ruhunda növbəti addımı atmağa və sülh sazişinin işlənməsinə başlamaq üçün əsas prinsiplər üzrə işlərin başa çatdırılmasına keçməyə çağırıblar.

Onlar tərəfləri 1994-cü il atəşkəs haqqında sazişə ciddi əməl etməyə və qoşunların təmas xəttində təmkinli olmağa çağırıblar. Səfər zamanı həmsədrlər tərəflərə bu ilin payızında işğal olunmuş ərazilərə prinsip etibarilə qəbul edilmiş səfər planını təqdim ediblər.

Bəyanatda bildirilir ki, həmsədrlər iyulun 16-17-də Almatıda ATƏT-in qeyri-formal sammitinin kuluarlarında Ermənistan və Azərbaycanın nümayəndə heyətlərinin rəhbərləri və onların xarici işlər nazirləri səviyyəsində görüşlərin keçiriləcəyinə də ümid edirlər.

Bəyanatda deyildiyi kimi, Dağlıq Qarabağda səfir Bradtke və səfir Popov separatçı hakimiyyəti sülh prosesindəki son hadisələr, eləcə də prezidentlər Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozinin 2010-cu il 26 iyun tarixli bəyanatı barədə məlumatlandırıblar. Onlar, həmçinin, iyunun 18-də qoşunların təmas xəttində baş vermiş insidenti də müzakirə ediblər. Həmsədrlər atəşkəs rejiminin yolverilməz pozuntusu olan insidenti pisləyiblər, insanların mənasız ölümü ilə bağlı öz təəssüflərini yenidən təsdiqləyiblər. Yerevanda həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyanla, xarici işlər naziri Edvard Nalbandyanla, müdafiə naziri Seyran Ohanyanla görüşüblər. Bakıda onlar Prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, müdafiə naziri Səfər Əbiyevlə, eləcə də Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti