Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası hesab edir ki, ATƏT-in Minsk qrupu üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir.
"Heç bir zaman çərçivəsi qoyulmadan Minsk qrupunun fəaliyyət göstərməsi səmərəli deyil", bunu çərşənbə axşamı Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Əhmədovun sözlərinə görə, bəzən elə təəssürat yaranır ki, Minsk qrupu münaqişəni həll etməkdən daha çox münaqişəni həll etməmək üçün yaradılıb.
"Əgər bu qurum 20 il ərzində münaqişənin nizama salınması üçün ciddi bir addım ata bilməyibsə, çox yaxşı olardı ki, özünü buraxmaq haqqında qərar qəbul etsin. Yaxud artıq ATƏT Minsk qrupu üçün vaxt çərçivəsi müəyyənləşdirməlidir ki, həmin vaxt ərzində münaqişənin nizama salınması üçün konkret işlər görülməlidir. Əgər bu işləri görə bilmirsə, bu o deməkdir ki, bu qurum öz üzərinə götürdüyü missiyanın öhdəsindən gələ bilmir", - Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin Minsk qrupunun fəaliyyətinə olan tənqidi münasibətini dəyişdirməyin yalnız bir yolu var, bu da həmin vasitəçilər tərəfindən çox qısa vaxtda münaqişənin nizama salınması üçün təsirli addımların atılmasıdır.
"Bu addımları ata bilmirsə, hesab edirəm ki, yeni bir formatın yaradılması üzərində düşünməyin zamanı çatıb. Azərbaycan xalqı Minsk qrupunun fəaliyyətsizliyi ucbatından münaqişənin illərlə uzanmasına dözə bilməz, çünki bunun özü də bir haqsızlıqdır", - Əhmədov vurğulayıb.
Hakim partiyanın sədr müavini qeyd edib ki, Minsk qrupunun fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin gözləntiləri arasında uyğunsuzluq var. "Minsk qrupunun fəaliyyəti ilə əlaqədar yanaşmada ciddi dəyişikliyə ehtiyac duyulur. Minsk qrupunun vasitəçilik fəlsəfəsinə dəyişiklik edilməlidir. Bu ondan ibarətdir ki, Minsk qrupu sadəcə danışıqlar prosesini təmin etməkdən ötrü yaradılmayıb. Lakin 20 il ərzində Minsk qrupu sadəcə prosesi təmin etməkdən ötrü fəaliyyət göstərib", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.