...

Tanınmış jurnalistin Qarabağ müharibəsinə həsr olunmuş kitabının təqdimatı olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2014 17:14 (UTC +04:00)
Şuşa Rayon İcra Hakimiyyətində tanınmış jurnalist-publisist Tatyana Çaladzenin "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno" kitabının təqdimatı olub.
Tanınmış jurnalistin Qarabağ müharibəsinə həsr olunmuş kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Şuşa Rayon İcra Hakimiyyətində tanınmış jurnalist-publisist Tatyana Çaladzenin "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno" kitabının təqdimatı olub.

Trend xəbər verir ki, tədbir Ağdərə rayonunun işğalının 21-ci ildönümü günü - iyulun 7-nə təsadüf etdiyindən əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov T.Çaladzenin həyat yolu haqqında qısa məlumat verib, onun Qarabağ müharibəsinin canlı şahidi olduğunu və hətta döyüşlərdə yaralandığını deyib.

B.Səfərov qeyd edib ki, jurnalist-publisist T.Çaladzenin "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno" kitabının Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə işıqlandırılmasında mühüm rolu olacaq. O bildirib ki, rus dilində çap olunan bu kitab daha sonra Azərbaycan dilinə tərcümə olunaraq təhsil müəssisələrinə paylanacaq.

Kitabın təqdimat mərasimində tarixçilər, Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin üzvləri, Dağlıq Qarabağ icmasının nümayəndələri, müharibə veteranları və digər şəxslər iştirak ediblər.

Çıxış edən natiqlər kitabın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini, eləcə də jurnalist-publisist T.Çaladzenin vaxtilə müharibənin gedişini necə işıqlandırmasını xüsusi vurğulayıblar.

Qeyd edilib ki, bu tipli kitabların digər dillərdə yazılması və yayılması çox önəmlidir. Dünya Qarabağ həqiqətləri haqqında erməni dili də daxil olmaqla digər dillərdə məlumatlı olmalıdır.

Kitabın müəllifi T.Çalazde deyib ki, o bu kitabı yazmağı hələ 1992-ci ildə düşünüb. Onu buna ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər məcbur edib: "Mən qəfil olaraq əsl müharibədə olanda həyatın mənasını yenidən anladım, həyat dəyərlərini yenidən qiymətləndirdim. Mən hələ o zaman 1992-ci ildə təəccüblə gördüm ki, faşizm hələ də yaşayır, sadəcə görüntüsü dəyişib və Dağlıq Qarabağdakı erməni separatçılarının idelogiyasının mahiyyətini qəbul edib. Hitlerçilər kimi eynilə başdan-ayağa silahlanmış erməni silahlı birləşmələri də heç bir mənəvi və etik normalara məhəl qoymadan mülki azərbaycanlıları öldürür, Azərbaycan torpaqlarını ələ keçirirdilər".

Qeyd edək ki, 464 səhifə və 55 fəsildən ibarət "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno" kitabı müəllifin həyatının avtobioqrafik hadisələri, təəssüratları, şəxsi qeydləri əsasında yazılıb. Fotomaterialların da geniş yer aldığı kitabda Dağlıq Qarabağın tarixi, ermənilərin ora köçməsi, münaqişənin başlanmasının səbəbləri, ermənilərin separatçılığı, Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi barədə ətraflı və sənədlərlə əsaslandırılmış məlumatlar verilir.

Xatırladaq ki, Latviyada anadan olmuş və böyümüş T.Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib. 1992-ci ilin sonlarında Dağlıq Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, yaralanıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti