...

Dağlıq Qarabağ tənzimlənməsi: 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri - region dövlətləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2016 11:46
Dağlıq Qarabağ münaqişəsi kontekstində region dövlətləri dedikdə Türkiyə, Gürcüstan və İranı nəzərdə tuturuq.
Dağlıq Qarabağ tənzimlənməsi: 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri - region dövlətləri

Trend-i buradan izləyin

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi

Dağlıq Qarabağ münaqişəsi kontekstində region dövlətləri dedikdə Türkiyə, Gürcüstan və İranı nəzərdə tuturuq. Müxtəlif səbəblərdən hər üç dövlətin daxilində 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinə maraq və müraciətlərin sayı xeyli azalıb. Dağlıq Qarabağ mövzusunun bu üç dövlətin daxili həyatına da təsiri müxtəlif cür olub.

Gürcüstan

Bu vaxta qədər Dağlıq Qarabağ tənzimlənməsinə etinasızlığını regionun digər dövləti Azərbaycan və Ermənistanla balanslı siyasət aparmaq adı ilə gizlədə bilirdi. Gürcüstanın Ermənistan və Azərbaycan arasında balans axtarmağı özü məntiqsizlikdir. Gürcüstanın Azərbaycanla siyasi-iqtisadi əlaqələrinin və regional layihələrdə iştirakının statusu Gürcüstanın Ermənistanla belə əlaqələrinin statusundan qat-qat üstündür.

2015-ci ildə Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək ritorikadan o tərəfə keçməyib. Bu sahədə hər iki dövlət strateji müttəfiq olmalı idi. Etnik separatizm kənardan aldığı dəstəklə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü pozub.

Gürcüstanda qısa müddət ərzində daxili işlər naziri işləmiş Vaxtanq Qomelauri birbaşa iştirakı ilə Rusiyanın Şimalı Qafqazda yerləşən hərbi hissələrindən birinin avtomaşınları Gürcüstan ərazisi vasitəsilə Ermənistana getdi. Bu, Gürcüstanın Azərbaycan torpağını işğal edən Ermənistana hərbi yardım etməsi anlamındadır. Gürcüstanda Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığına balans yaratmaq naminə bu addımı atması anlaşılmazlıqdır. Türkiyə və Azərbaycanla hərbi layihələrdə iştirak Gürcüstanın öz təşəbbüsü ilə baş tutur və onun maraqlarına uyğundur. Amma Gürcüstanın siyasi elitasının bəzi addımları bu ölkənin öz ərazi bütövlüyünə laqeydliyinin ən böyük nümayişidir.

Gürcüstanın ərazi bütövlüyü prinsipinə soyuq yanaşması Ermənistanı daha artıq fəallığa şirnikləşdirdi. Bütün il boyu bir neçə dəfə Ermənistan sərhədçiləri dövlət sərhədini pozmaq ittihamı ilə Gürcüstan vətəndaşı olan azərbaycanlıları girov götürdülər. Gürcüstanla Ermənistan arasında sərhəd delimitasiya, demarkasiya olunmayıb. Ermənistan-Gürcüstan sərhədinin Gürcüstan tərəfində azərbaycanlılar, ermənilər və gürcülər yaşayır.

Gürcüstanın milliyyətcə erməni və gürcü olan vətəndaşları sərhədə yaxınlaşan kimi Ermənistan sərhədçiləri xəbərdarlıq edib qaytardıqları halda, azərbaycanlıları dərhal həbs edirlər, Onları Dağlıq Qarabağ mövzusunda sorğu-suala tuturlar. Ermənistan sərhədçilərinin gürcü vətəndaşları arasında belə ayrı-seçkilik etməsinə rəsmi Tbilisi heç vaxt münasibət bildirməyib. Rəsmi Tbilisi milliyyətcə azərbaycanlı olan vətəndaşlarını qonşusu Ermənistan tərəfindən girov götürməsinin qarşısını almaq üçün heç bir addım atmayıb. Bu isə faktiki olaraq Ermənistanın Gürcüstanı Dağlıq Qarabağ münaqişəsinə qarışdırması deməkdir.

Gürcüstanın Azərbaycanla münasibətlərində yaranan iqtisadi rəqəmlərin zəifləməsi probleminin mənbələrindən biri də buradadır.

Türkiyə

Türkiyə Dağlıq Qarabağ tənzimlənməsində heç bir yeni addım atmayıb, mövqe dəyişikliyi ortalığa qoymayıb. Amma RF-in Su-24 qırıcısını vurmasından sonra Rusiyada bəlli bir siyasi təbəqə və Ermənistan Türkiyənin bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinə yanaşmanı "elektron mikroskopla" baxdılar. Türkiyə rəsmilərinin əvvəlki illərdə bir neçə dəfə təkrar etdiyi bəyanatlar, indi çox qorxulu şəkildə təqdim olundu.

İran

İran-Ermənistan münasibətlərində baş verən ümumi dəyişiklik Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə də özünü göstərib. Ermənistanda əksəriyyət başa düşür ki, İranın yeni rəhbərliyi realpolitikdir və praqmatik siyasət aparmalıdır. Ermənistan cəmiyyətində İranın Dağlıq Qarabağ məsələsində antiazərbaycan olması ilə bağlı fikirlərin sayı xeyli azalıb. İndi yeni tezis irəli sürülüb: "İran üzdə Azərbaycanın tərəfini saxlamağa məcburdur, reallıqda isə o Ermənistanın Dağlıq Qarabağ siyasətini müdafiə edir". İl ərzində İranın davranışında ermənilərin bu yeni tezisinin təsdiqi üzə çıxmadı.

Ermənistan müdafiə nazirinin müavini İrana səfər etdi. Bəzi hərbi istehsal müəssisələri və hərbi təyinatlı analitik mərkəzlərlə əməkdaşlıq barədə razılıq əldə olunsa da, bu da il ərzində özünü göstərmədi.

İranda Ermənistanın digər hərəkətlərinə qarşı laqeydlik var:

a) Ermənistan Vorotan SES-i ABŞ-a satdı. Vorotan SES Ermənistanın İranla sərhədində yerləşir. Bu ABŞ-a radio-elektron qurğular vasitəsilə İranın ərazisinin bir hissəsinə nəzarət etməyə imkan verir. İran rəsmiləri bu məsələyə qətiyyən reaksiya verməyib.

b) Ermənistan sülhməramlıları NATO qoşunları çərçivəsində Livanda Hizbullahın təsir zonasında olan ərazilərdə yerləşdirdi. Erməni sülhməramlıları Hizbullahın kustar üsulla bomba və raket hazırlamasının qarşısını almaq üzrə ixtisaslaşıb. Hizbullahın fəaliyyətsizliyi həm də ola bilər bununla əlaqəli olsun. İran rəsmiləri buna da reaksiya verməyib.

Bu laqeydliklərdə İranın uzaqmənzilli strateji məqsədlərinin olduğu istisna edilməməlidir.

с) İran Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyə hazır olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan İranın vasitəçilik missiyasını qəbul etməyə hazırdır, Ermənistan isə imtina edir. Rəsmi Tehran İranın vasitəçilik missiyasını Ermənistan tərəfindən qəbulu üçün aktivlik nümayiş etdirməyiblər.

Yerevanda azərbaycanlılara məxsus Göy məscidin İran tərəfindən 99 illiyə icarəyə götürülüb, statusunu məsciddən mədəniyyət mərkəzinə çevrilməsi isə Azərbaycan Respublikasında laqeydliklə qarşılandı.

2016-cı ildə region dövlətlərinin Dağlıq Qarabağ tənzimləməsində aktiv iştirakına dəlalət edəcək heç bir faktor yoxdur, heç bir resurs yaradılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti