...

Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Gürcüstanda dövlət çevrilişi üçün zəmin yoxdur"

Siyasət Materials 8 Oktyabr 2007 15:08 (UTC +04:00)
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Gürcüstanda dövlət çevrilişi üçün zəmin yoxdur"

Fransa, Strasburq / Trend müxbir A. Məhərrəmli/ Trend in xüsusi müxbirinin Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Georgi Bokeriya ilə müsahibəsi

- Gürcüstanda baş verən son habisələr dövlət çevrilişi ilə nəticələnə bilərmi? Sizcə keçmiş müdafiə naziri İrakli Okruaşvilinin prezidentin ünvanına səsləndirdiyi ittihamlar nə dərəcədə həqiqətə uyğundur?

- Əlbəttə ki, bu ittihamlar həqiqətə uyğun deyil. Bunun üçün heç bir zəmin yoxdur. Gürcüstanda hər kəs bilir ki, bu ittihamlar əsassızdır. Bu adi bir siyasi həyatdır. Keçmiş nazirin qalmaqallı və cəfəng ittihamları olub və bu ittihamlar araşdırılıb. Hamı da yaxşı bilir ki, o, bu ittihamları siyasi toxunulmazlıq əldə etmək məqsədilə səsləndirib. Lakin bu, baş vermədi, çünki ona qarşı korrupsiya ilə bağlı çox ciddi ittihamlar irəli sürüldü. Son aylar ərzində araşdırmalar tam sürəti ilə aparılıb və bir sıra keçmiş və indiki yüksək vəzifəli şəxslər korrupsiya ilə bağlı ciddi qanun pozuntularında ittiham olunublar. Bu adi bir antikorrupsiya tədbiridir.

Sadəcə olaraq nazir Gürcüstanda tanınmış fiqur idi. O, prezidentə qarşı yersiz və əsassız ittihamlar irəli sürməklə mən deyərdim ki, biabırçı bir addım atıb və beləliklə də istintaqı dayandırmağa cəhd göstərib. Lakin bu, baş tutmadı. Təbii ki, bu qalmaqal və problem həm də bizə aiddir, çünki o, bizim kabinetin, bizim komandanın üzvü olub. Bu göstərir ki, söhbət korrupsiyadan getdiyi təqdirdə hazırkı hökumət üçün siyasi sədaqət və ya kəskin siyasi bəyanatlar heç nəyi dəyişmir.

- Okruaşvili bu addımı atmaqla siyasi məqsədlər güdə bilərdimi?

- Mən hesab edirəm ki, əsas məqsəd ona və onun ətrafındakı insanlara qarşı aparılan istintaqı dayandırmaq idi. Keçmiş nazirlə münaqişə iki il bundan əvvəl başlanıb, belə ki, həmin dövrdə keçmiş nazirin doğma rayonunda hüquq-mühafizə orqanlarının nümayəndələri həbs olunmuşdu ki, bu da keçmiş nazirin heç xoşuna gəlməmişdi. Təbii ki, istintaq hələ də davam edirdi. Bu artıq Şevardnadzenin dövründə yüksək vəzifəli bürokratların öz yaxınlarını himayə edə bildiyi Gürcüstan deyil. Həmin dövr artıq geridə qalıb.

- Tbilisinin Cənubi Osetiya ilə münasibətləri barədə hansı proqnozları verə bilərsiniz? Cənubi Osetiya ətrafında vəziyyət necə dəyişə bilər?

- Moskvanın möqeyinin dəyişməz olaraq qalmasına baxmayaraq, biz ümid edirik ki, tədricən problemin siyasi yolla həlli üçün daha çox imkan yaranacaq. Hazırda daha çox Gürcüstan vətəndaşları, həmçinin osetin əsilli vətəndaşlar problemin sülh yolu ilə həllini dəstəkləyirlər. Geniş mandata malik olan və regionun böyük hissəsi tərəfindən dəstəklənən, lakin təbii olaraq Rusiya tərəfinin işğal etdiyi əraziləri idarə etmək imkanına malik olmayan Dmitri Sanakoyevin (Cənubi Osetiyanın müvəqqəti hökumətinin rəhbəri) hökuməti yeni müxtariyyətin formalaşdırılmasında mühüm rol oynayacaq. Hazırda muxtariyyətin yeni sisteminin formalaşdırılması ilə bağlı iş aparılır və Avropanın ən yaxşı təcrübələrindən istifadə olunur. Məncə, ilin sonuna qədər biz Cənubi Osetiyada yaradılacaq muxtariyyətin kotkret modelinə malik olacağıq. Bu, bizi problemin siyasi həllinə doğru aparacaq. Lakin Moskva, Kreml prosesin gedişatından asılı olaraq radikal təxribatlara əl ata bilər. Belə bir təhlükənin mövcudluğu istisna edilmir.

- Gürcüstan-Osetiya münaqişəsinin həlli üzrə Qarışıq Nəzarət Komissiyasının oktyabrın ikinci yarısında ATƏT-in Tbilisi ofisində keçiriləcək iclasından nələr gözləyirsiniz?

- Təəssüf ki, bu iclasdan xüsusi heç bir şey gözləmirəm. Biz bir daha öz sülh planımızla çıxış edəcəyik, bu plana təəssüflər olsun ki, Rusiya tərəfinin davamı kimi çıxış edən "Osetiya tərəfi" əngəl törədir. Təəssüf ki, real proqnozlar heç bir nəticə verməyəcək. Lakin biz öz səylərimizi davam etdirəcəyik.

- AŞPA bürosunun keçmiş baş nazir Jvaniyanın ölümünü araşdırmaq məqsədilə Gürsüstana missiya göndərməsi nə dərəcədə realdır?

- Biz Gürcüstanın daxili məsələləri ilə maraqlanan istənilən beynəlxalq qrupa kömək etməyə hazırıq. Bizim monitorinq qrupumuz, müxbirlərimiz var. Onlar bu yaxınlarda ölkəyə səfərdə idilər, onlar vəziyyəti müsbət, daha doğrusu real və obyektiv qiymətləndiriblər. Bundan istifadə etmək və Gürcüstanın imicinə xələl gətirəcək kampaniyaya başlamaq niyyətində olan Rusiya nümayəndə heyətinə gəlincə isə məncə, onlar bunu edə bilməyəcəklər. Bu, Rusiya nümayəndə heyətinin yaranmış vəziyyətdən Gürcüstana qarşı istifadə etməklə bağlı ilk cəhdləri deyil. İndi isə onlar keçmiş nazirin etdiyi bəyanatlarla əlaqədar yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Təbii ki, əgər hər hansı bir şəxsin baş verənlərdən xəbəri yoxdursa, onu asanlıqla çaşdırmaq və nazirin etdiyi bəyanatlarla əlaqədar həbs edildiyinə inandırmaq olar. Əslində isə belə olmayıb, əvvəlcə istintaq, həbs, sonra isə istintaqa mane olmaq məqsədilə siyasi bəyanatlar səsləndirilib.

Gürcüstanda hamıya məlumdur ki, keçmiş baş nazir faciəli şəkildə vəfat edib. Təbii ki, cəmiyyətin elə bir hissəsi də var ki, gizli nəzəriyyələrlə məşğul olmağı sevir. Əslində isə hamı baş verən hadisənin faciə olduğunu bilir. Gürcüstan hökuməti iki il bundan əvvəl texniki araşdırmaların yüksək səviyyədə aparılması məqsədilə ABŞ-ın Federal Tədqiqat Bürosunu dəvət edib. Bununla da hər şey aydınlaşdı. Hesab edirəm ki, Gürcüstanın beynəlxalq imicinə xələl gətirmək məqsədilə bu məsələni yenidən qaldırmaq cəhdləri uğurla nəticələnməyəcək.

Xəbər lenti

Xəbər lenti