...

Partiya sədri: "MSK üzvləri hüquqşünasların qurultayında seçilməlidir"

Siyasət Materials 10 Oktyabr 2007 11:32 (UTC +04:00)
Partiya sədri: "MSK üzvləri hüquqşünasların qurultayında seçilməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Vəhdət Partiyası Azərbaycanda seçki komissiyalarının tərkibinin yalnız tərəfsiz hüquqşünaslardan ibarət formalaşdırılmasını təklif edir. Bu barədə Trend ə partiyanın sədri Tahir Kərimli məlumat verib.

Azərbaycanın seçki komissiyalarının 18 nəfərlik tərkibi parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşıb. Müxalifət partiyaları isə, seçki komissiyalarının iqtidarla müxalifət arasında bərabər (paritet) bölünməsini tələb edirlər.

Kərimlinin fikrincə, müxalifətin paritet formalaşma təklifi real deyil: "Çünki iqtidara paritet olan müxalifət qüvvəsi yoxdur",-deyən Kərimli bildirib.

O, əlavə edib ki, hələ 2000-ci ildə parlament seçkisindən əvvəl, bütün müxalifət partiyaları razılığa gəldilər ki, seçki komissiyaları paritet formalaşmasa, heç kəs seçkidə iştirak etməyəcək. Lakin partiyalar özləri bu razılaşmaya əməl etmədilər: "Müsavat, AXCP, VHP və digər partiyalar razılaşmanı qabaqcadan pozdular və hətta seçiləndən sonra da parlamentdə iştirak etdilər"-deyə Kərimli bildirib.

"Vəhdət" sədri təklif edir ki, MSK-nın tərkibi heç bir siyasi partiyanı təmsil etməyən, neytral hüquqşünaslardan ibarət formalaşdırılsın. Həmin MSK üzvləri isə, hüquqşünasların qurultayında gizli səsvermə yolu ilə seçilsin. MSK üzvlüyünə namizədlər qurultaydan əvvəl hüquqşünasların konfransında müəyyənləşdirilə bilər.

Vəhdət Partiyası MSK üzvlərinin sayının 18-dən 21-ə qədər artırılmasını təklif edir. Partiya, həmçinin, proporsional seçki sisteminin bərpasını vacib sayır, çünki hesab edir ki, proporsional seçki sistemi ləğv olunandan bəri, Azərbaycanda siyasi partiyalar zəifləyiblər.

Vəhdət Partiyası xaricdə yaşayan azərbaycanlıların seçki hüququnun təmin olunmasını, Azərbaycanda yaşayan xarici vətəndaşlara isə, əksinə, seçki hüququ verilməməsini təklif edir: "Azərbaycanda əcnəbilərə seçkidə iştirak hüqüqu verilib, bu isə, Konstitusiyaya ziddir. Çünki Konstitusiyaya görə, yalnız Azərbaycan vətəndaşlarına seçmək hüququ verilir",-deyə partiya sədri bildirib.

Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası 2006-cı ilə qədər müxalifət mövqeyində olub. Partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti