...

Azərbaycanda iqtidar-müxalifət ittifaqının yaradılması təklif edilib

Siyasət Materials 27 Noyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifət partiyası iqtidar-müxalifət əməkdaşlığına əsaslanan ittifaqın yaradılması təklifi ilə çıxış edib.

"Azərbaycanı indiki durğunluq dövründən yalnız həmin ittifaq çıxara bilər. Əks halda, ölkədə siyasi inkişafdan danışmaq mümkün deyil", - cümə axşamı Trend -a müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -ın arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Bu il oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.

Onun fikrincə, Azərbaycanda dünya təcrübəsindən tamamilə fərqli bir iqtidar-müxalifət əməkdaşlığına əsaslanan ittifaqın yaradılması mümkündür:

Cəlaloğlunun sözlərinə görə, iqtidar ADP ilə dialoqa başlamaq istəsə, buna məmnuniyyətlə razılaşacaqlar: "Biz hətta müxalifət adından dialoqda iştirak edəcək tərəf kimi çıxış etməyə də hazırıq. İqtidar dialoq məsələsində başqa müxalif partiyaları seçərsə, biz bu təşəbbüsü də dəstəkləməyə hazırıq", - ADP sədri vurğulayıb.

"Dünyanın heç bir ölkəsində hakimiyyətlə müxalifət arasında hər hansı ittifaqın yaradılması təcrübəsi yoxdur", - cümə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, ittifaqlar adətən ya hakimiyyətə gəlmək, ya da xarici təhlükənin qarşısını almaq üçün yaradılır. "Azərbaycan iqtidarı bu gün üzərinə düşən vəzifəni yerinə yetirir. Hakimiyyət dövlətmizin beynəlxalq aləmdə layiqincə təmsil olunması, regionda gedən proseslərdə lider mövqeyinin qorunub saxlanılması üçün lazım olan bütün addımları atır", - Mizəzadə deyib.

Hakim partiya təmsilçisinin fikrincə, iqtidarla müxalifət arasında yalnız məsləhətləşmələr aparılması, dəyirmi masalar keçirilməsi, mətbuatda hansısa məsələ ilə bağlı müzakirələrin təşkil olunması mümkündür.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti