...

Gürcüstanın Azərbaycan kəndlərində xaçların qurulmasını dayandırıblar

Siyasət Materials 3 Fevral 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral/ Trend , müxbir E.Rüstəmov/ Yerli müsəlman əhalinin narazılığı ilə əlaqədar Gürcüstanın Azərbaycan kəndlərində xristian xaçlarının quraşdırılması dayandırılıb.

Bir neçə ay əvvəl Gürcüstan Patriarxlığının yerli idarəsi tərəfindən əhalisi əsasən azərbaycanlılardan ibarət olan Bolnisi rayonunun Qoçulu və Kəpənəkçi kəndləri ərazisində (Kvemo-Kartli - Borçalı vilayəti) 7-10 metr hündürlüyündə xaçlar quraşdırılıb. Əhalinin Patriarxlığa müraciətindən sonra, Gürcüstanın Azərbaycan kəndlərində xristian xaçlarının quraşdırılması dayandırılıb.

"Bizim məqsədimiz azərbaycanlıların sıx yaşadıqları digər rayonlarda xaçların quraşdırılmamasından ibarət idi və hələlik bu prosesi dayandıra bildik. Quraşdırılmış xaçlara gəldikdə isə, onlar hələ də öz yerlərində qalır", - Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çərşənbə axşamı Tbilisidən telefonla Trend -a bildirib.

Bu faktla əlaqədar rəsmi qurumlara müraciət edilsə də, indiyədək cavab gəlməyib, - Süleymanov qeyd edib.

"Azərbaycan əhalisinə izah ediblər ki, onların yaşadıqları ərazidə xaçların quraşdırılması təkrarlanmayacaq, - Gürcüstan Patriarxlığı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava Tbilisidən telefonla Trend ­-a bildirib. - Düşünmürəm ki, insanlar xaçların öz kəndlərinin ərazisindən götürülməsini gözləyirlər. Hər halda heç kim bizə bu barədə deməyib. Mən bildiyimə görə, onlar bunun bir daha təkrarlanmamasını istəyirlər".

Müsəlmanların yaşadıqları kəndlərdə xaçların quraşdırılması səhv idi, - Tbilisinin Cümə məscidinin axundu Əli Əliyev Trend -a bildirib və belə hadisənin bir daha təkrarlanmayacağına ümid edib.

"İndiyədək gürcülər və azərbaycanlılar arasında dini zəmində ziddiyətlər olmayıb və indi bu ixtilafın ortaya çıxmasını istəməzdik, - Əlibala Əsgərov, Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Trend -a bildirib. - İstərdik ki, yerli qurumlar bu problemi özləri həll etsin və xaçları yığışdırsınlar. Əks halda, xaçların quraşdırıldığı yerlərdə yaşayan xalq bu problemi özü həll edəcək".

Qeyri-rəsmi məlumatlara görə Gürcüstanda təxminən 500 min azərbaycanlı yaşayır. Onlar əsasən Kvemo-Kartli (Borçalı) vilayətində məskunlaşıblar. Statistikaya görə, Gürcüstan əhalisinin əsas hissəsi (təxminən 70%) gürcülərdir. Bundan başqa, ölkədə ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, assuriyalılar, udinlər, avarlar, kistlər yaşayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti