...

Azərbaycanın müxalifyönlü partiyası Türkiyə səfirliyi qarşısında razılaşdırılmamış piket keçirəcək

Siyasət Materials 13 Aprel 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalifyönlü "Müasir Musavat" partiyası Türkiyə-Ermənistan sərhədinin açılma ehtimalına etiraz olaraq Türkiyə səfirliyi qarşısında aprelin 14-də razılaşdırılmamış piket keçirəcək.

Partiyanın mətbuat xidmətindən Trend -a bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti səfirlik qarşısında etiraz aksiyasının keçirilməsinə icazə verməyib.

"Buna baxmayaraq partiyanın 50 fəalı aprelin 14-də Türkiyə səfirliyi qarşısında Türkiyə-Ermənistan sərhədinin ehtimal oluan açılışına etirazlarını bildirəcək", - mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən verilən məlumata əsasən, aksiyada Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımayınca, "soyqırım" iddialarından əl çəkməyincə, Dağlıq Qarabağ torpaqlarını azad etməyincə onunla heç bir əlaqəyə girməmək barədə çağırışlar səsləndiriləcək. 

"Müasir Müsavat" partiyası aksiyanın keçirilməsinə razılıq verilməsi üçün aprelin 8-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Türkiyə və Ermənistan 1993-cü ildən kəsilmiş əlaqələrini normallaşdırmaq istəyirlər. Əlaqələrin kəsilməsinə səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyənin müxtəlif dairələrinin nümayəndələrinin fikrincə, Ermənistanla sərhədlər açılacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Müasir Musavat" partiyası 2000-ci ildə Hafiz Hacıyev tərəfindən təsis edilib və 2002-ci ildə qeydiyyatdan keçib. Hafiz Hacıyev 1992-93-cü illərdə "Azərbalıq" Dövlət Konserninin sədri olub. Əvvəllər Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında təmsil olunub.

Partiya özünü konstruktiv müxalifət hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti