...

Azərbaycanın hakim partiyası maksimum proqramı yerinə yetirib, deputatların sayını artırmaq istəyir – sədr müavini Əli Əhmədov (MÜSAHİBƏ)

Siyasət Materials 5 May 2010 14:05 (UTC +04:00)
Azərbaycanın hakim partiyası maksimum proqramı yerinə yetirib, deputatların sayını artırmaq istəyir
Azərbaycanın hakim partiyası maksimum proqramı yerinə yetirib, deputatların sayını artırmaq istəyir – sədr müavini Əli Əhmədov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Hüseynbala/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib, deputat Əli Əhmədovun Trend-ə eksklüziv müsahibəsi

- Əli müəllim, hakim partiyanın dünyanın bir çox ölkələrinin aparıcı partiyaları ilə əməkdaşlığı intensivləşib. Sizin rəhbərlik etdiyiniz nümayəndə heyəti bu yaxınlarda Koreya Respublikasına səfəri zamanı bir çox mühüm görüşlər keçirib. Bu ölkəyə səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası beynəlxalq sahədə geniş fəaliyyət göstərir və bizim bu sahədəki fəaliyyətimiz çoxşaxəliliyi ilə seçilir. Partiyamız bir sıra ölkələrin çox nüfuzlu partiyaları ilə ikitərəfli əlaqələr qurub və əməkdaşlıq münasibətləri yaradıb. Bundan başqa, bizim partiyamızın həm Avropanın, həm də Asiyanın çox önəmli partiyalar qrupu ilə də əlaqələri mövcuddur. Partiyamız Avropanın ən güclü partiyalar qrupu olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq edir və bu partiyanın bir sıra tədbirlərində yaxından iştirak edirik. Bu il martın əvvəllərində Yeni Azərbaycan Partiyasının dəvəti ilə Avropa Xalq Partiyasının prezidenti Vilfred Martins Azərbaycanda səfərdə oldu, bir sıra əhəmiyyətli görüşlər keçirildi, Azərbaycan Prezidenti onu qəbul etdi. Qeyd etmək istəyirəm ki, Avropa Xalq Partiyası Avropa siyasi məkanında ən böyük nüfuzlu siyasi təşkilat olmaqla yanaşı, bu təşkilatın prezidenti olan Martins də Avropanın siyasi liderləri arasında xüsusi hörməti və nüfuzu ilə seçilən şəxsiyyətlərdən biridir. Xatırlatmaq yerinə düşər ki, Avropa Xalq Partiyası sağ mərkəzçi partriyaları birləşdirir və Avropanın bir çox önəmli ölkələrində sağlar hakimiyyətdədirlər. Almaniya, Fransa, İtaliya və digər ölkələrdə hakimiyyətdə bu qəbildən olan partiyalardır. Nəticə etibarilə indiki durumda sağ partiyalar və onların birləşdiyi Avropa Xalq Partiyası Avropanın siyasi məkanında ən böyük nüfuza sahib olan təşkilatlardır.

Digər tərəfdən, bizim partiyamızın Asiya ölkələrinin partiyaları və partiya qrupları ilə də sıx əməkdaşlığı mövcuddur. Mən ayrıca olaraq qeyd etmək istəyirəm ki, partiyamız Asiyada çoxlu sayda partiyaları birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının daimi komitəsinin üzvüdür. Asiyanın bütün dövlətlərinin partiyalarını birləşdirən bu qurumun daimi komitəsinin 29 üzvü var və onlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Daha aydın təsəvvür yaranması üçün qeyd etmək yerinə düşərdi ki, bu quruma daxil olan partiyalar Çini, Hindistanı, Koreyanı, Yaponiyanı, Türkiyəni, İranı və digər böyük Asiya dövlətlərini təmsil edir. Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının daimi komitəsində üzv kimi təmsil olunması bir yandan Azərbaycana bu patiyalar qrupu tərəfindən verilən diqqətin, önəmin ifadəsidir, digər tərəfdən isə partiyamızın təşkliat daxilindəki fəallığının bilavasitə göstəricisi kimi qəbul olunmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası bir çox ölkələrin aparıcı partiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinə malikdir və bütün bunların hamısı partiyamızın beynəlxalq əlaqələrini, beynəlxalq aləmdəki nüfuzunun, hörmətinin artmasını ifadə etməklə yanaşı, eyni zamanda, bu əlaqələrin getdickə dərinləşməsi, öz növbəsində Azərbaycanla həmin partiyaları təmsil edən ölkələrin və dövlətlərin münasibətlərinin daha da yaxınlaşmasına, genişlənməsinə təbii ki, öz töhfəsini verir.

- Koreyada görüşlər zamanı Dağlıq Qarabağ problemi müzakirə predmeti oldumu?

- Yeni Azərbaycan Partiyası ilə Koreya Respublikasının iqtidar partiyası olan Böyük Milli Partiyası arasında ikitərəfli münasibətlər yaranıb. Həmin partiyanın dəvəti ilə aprelin 27-dən 30-dək partiyamızın nümayəndə heyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində səfərdə olub. Biz partiyalarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi niyyətilə memorandum imzaladıq və güman edirəm ki, bu sənəd iki partiya arasında əlaqələrin bundan sonra daha genişşaxəli inkişafında və dərinləşməsində ciddi təməl olacaq.

Bundan başqa, səfər çərçivəsində bizim nümayəndə heyətinin Koreyanın Baş naziri, bu ölkənin Milli Assambleyasının, parlamentinin rəhbəri ilə də görüşləri olub. Bu görüşlərdə həm ölkələrimiz arasında, həm də partiyalarımız arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan üçün həlledici əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində də söhbətlər aparılıb. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Koreya Respublikası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı bir neçə dəfə BMT-də aparılan müzakirələrdə bitərəf mövqe tutub. Bizim danışıqlar zamanı qarşımıza qoyduğumuz niyyət ondan ibarət idi ki, məsələnin mahiyyətini Koreya tərəfinə çatdıraraq gələcəkdə belə müzakirələr, yaxud sənədlərin dəstəklənməsi zamanı bu ölkənin mövqeyinin dəyişdirilməsinə nail ola bilək. Məncə, biz bu istiqamətdə müsbət irəliləyişin şahidi olacağıq.

- Hakim partiya artıq ənənəvi olaraq qadınların və gənclərin ictimai-siyasi işlərdə aktiv iştirakına üstünlük verir. Parlament seçkilərində bu istiqamətdə hansı yeniliklər gözlənilir?

- Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün zümrələrinin ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün əlindən gələn hər bir şeyi edir. Bunun ən bariz nümunələrindən birini 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində partiyamızın qadınların və gənclərin yaxından iştirak etməsi ilə əlaqədar çox əhəmiyyətli bir təşəbbüs irəli sürməsində görmək olar.   

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim irəli sürdüyümüz təşəbbüs nəticəsində Azərbaycanın bələdiyyələrində həm gənclərin, həm də qadınların təmsilçiliyi səviyyəsi əhəmiyyətli dərəcədə artdı. Əgər bundan əvvəlki bələdiyyələrdə qadınlar 4 faiz, gənclər də təxminən 2,5-3 faiz təmsil olunurdusa, indi hər iki zümrə ayrı-ayrılıqda 28 faiz qədərində təmsil olunurlar. Onu da vurğulamağı lazım bilirəm ki, Avropadan gələn bir sıra çox əhəmiyyətli beynəlxalq təşkilatların nümayəndələri həm gənclərin, həm də qadınların ötən seçkilərdə bələdiyyələrdə daha yüksək faizlə təmsil olunması şansının qazanmasını yüksək qiymətləndiriblər. Bu, bizim partiyamızın gənclər və qadınlar kimi demoqrafik qruplara olan diqqətinin və qayğısının bilavasitə ifadəsidir. Bu, təkcə bələdiyyə seçkilərində özünü göstərmir. Təbii ki, buna qədər də, bundan sonra da Yeni Azərbaycan Partiyası irəliyə sürdüyü təşəbbüsə sadiq qalacaq. Qarşıdan gələn parlament seçkilərində partiyamızın bütün strategiyasına uyğun şəkildə addımlar atması məsələsinə gəldikdə, təbii ki, bu, bizim bütövlükdə proqramımıza və niyyətlərimizə daxildir. Biz hesab edirik ki, bu gün Azərbaycan Parlamentində qadınların təmsilçiliyi dərəcəsi qənaətbəxş deyil. Bunun artırılmasına ehtiyac var. Azərbaycan cəmiyyətində qadınların ictimai və siyasi həyatda rolunun artırılması çox əhəmiyyətlidir. Bu, həm ondan irəli gəlir ki, Azərbaycan qadınlarının təhsili, bütövlükdə intellektual səviyyəsi kifayət qədər yüksək olduğundan, ölkənin siyasi həyatında da yaxından iştirak etmək üçün lazımınca haqqı var və lazımınca imkanlara malikdirlər. Hesab edirəm ki, hər bir siyasi partiya və təşkilat, o cümlədən Yeni Azərbaycan Partiyası olaraq biz ölkəmizin bu potensialından daha səmərəli şəkildə istifadə olunması barədə düşünməliyik. Prinsip etibarilə biz məsələyə bu cür yanaşırıq. Bizim gənclərə münasibətimiz də eynidir. Yeni Azərbaycan Partiyası qədər ölkəmizin gələcəyi olan gənclərin ictimai-siyasi fəallığının artırılmasına diqqət və qayğı göstərən digər bir siyasi təşkilatı təsəvvür etmək belə mümkün deyil. Partiyamızın Azərbaycan gənclərinin potensialından ölkəmizin inkişafı üçün istifadə edilməsinə nə qədər töhfələr verməsi ilə bağlı çoxlu nümunələr göstərmək olar. Bu prizmadan yanaşdıqda, qarşıdan gələn parlament seçkilərində gənclərlə bağlı siyasətimizin bu elementinin özünü aydın şəkildə göstərəcəyinə heç bir şübhə olmayacaq. Amma təbii ki, burada bir məsələ də göz önünə gətirilməlidir və diqqətdən qaçırıla bilməz. Məsələ burasındadır ki, parlamentdə təmsil olunmağın ən vacib şərti seçicilərin bu və ya digər namizədə etimad göstərib səs verməsidir. Əlbəttə, biz çox arzu edərdik ki, hörmətli seçicilərimiz qadınlara və gənclərə, o cümlədən də bizim namizədliklərini irəli sürəcəyimiz qadınlara və gənclərə etimad göstərsinlər. Amma bir daha qeyd edirəm ki, bu etimadın qazanılması üçün qadın və gənc olmaq yetərincə və bütün məsələləri həll edən keyfiyyətlər deyil.  

Biz məmnuniyyətlə qadınlarımızın və gənclərimizin də namizədliklərinin irəli sürülməsi üçün təşəbbüslərimizi göstərəcəyik. Amma təbiidir ki, bizim seçki ilə bağlı taktikamızın mərkəzində duran gerçəklik bundan ibarətdir ki, hər bir seçkidə uğurun çox vacib və həlledici elementlərindən biri insanların bu və ya digər namizədə etimad göstərib səs verməsidir. Əgər bizim araşdırmalarımız nəticəsində irəli sürəcəyimiz insana seçicilərimizin səs vermək şansı böyük olacaqsa və bu namizədlərimiz gənclər olacaqsa, təbii ki, belə olan halda məsələnin müsbət sonluğu şübhə doğurmayacaq.

- Əli müəllim, buna qədərki seçkilərdə hakim partiyanın fərqli strategiyaları olub. Parlament seçkiləri ilə bağlı strategiyanızda hansı yeniliklər, hansı fərqli təbliğat-təşviqat kampaniyasından istifadə gözlənilir?

- Seçki taktikamıza və texnologiyalarımızdakı yeniliklər məsələsinə gəldikdə, hər bir seçki digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 2010-cu ilin parlament seçkiləri 2005-ci ilin seçkilərindən təbii olaraq fərqlənəcək. Çünki 2010-cu ilin Azərbaycanı 2005-ci ilin Azərbaycanından fərqlənir. İndi Azərbaycan daha inkişaf edib, ölkəmizin iqtisadiyyatı daha yüksəkdə dayanır, insanların həyat səviyyəsi, bütövlükdə Azərbaycanda insanların düşüncəsi bu beş il ərzində xeyli dəyişib. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının qarşıdan gələn seçkilərlə bağlı konsepsiyasında ciddi şəkildə öz əksini tapacaq. Bu isə bizim hansı yeniliklərdən istifadə etməyimiz məsələsini də həll edəcəkdir. Hesab edirəm ki, indidən bu barədə detallara vararaq danışmaq artıq olardı. Amma sizi əmin etmək istəyirəm ki, həmişə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki texnologiyası seçki mühitinin və dövrünün tələblərinə uyğun olacaq, növbəti qələbəmizi təmin etməyə bizə yardımçı olacaq.

- Parlamentin indiki tərkibində hakim partiyanın üzvləri üstünlük təşkil edir. Növbəti seçkidə sayın artırılması, partiyanızın üzvü olan deputatların tərkibinin dəyişdirilməsi ilə bağlı ilkin fikirləriniz, partiya daxilində hər hansı məsləhətləşmələriniz olubmu?

- Bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 64 deputatla təmsil olunur. Bu, parlament üzvlərinin 50 faizindən bir qədər çoxdur. Növbəti parlament seçkiləri ilə bağlı qarşıya qoyduğumuz məqsədlər iki hissəyə bölünür: birincisi, minimum məqsədlərdir. Təbii ki, minimum məqsədlər çərçivəsində qarşımızda duran vəzifə parlament seçkilərində indi malik olduğumuz göstəricini təkrar etməkdir. Amma əlbəttə ki, Yeni Azərbaycan Partiyası olaraq bizim özümüzə məxsus iddialarımız var və bu iddialar da bizi ötən seçkilərdə əldə olunan nailiyyətlərlə kifayətlənməməyə səsləyir. Beləliklə də məntiqi olaraq bizim maksimum proqramımız da var ki, bu da mövcud olan göstəricinin yaxşılaşdırılmasını nəzərdə tutur. Qarşıdan gələn parlament seçkilərində çalışacağıq ki, seçkinin nəticəsinə uyğun olaraq Azərbaycan Parlamentində daha çox sayda deputatlarla təmsil olunaq. Hesab edirəm ki, ötən beş il ərzində Azərbaycandakı uğurlar, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlar tərəfindən dəstəklənməsi, bu siyasətin çox böyük uğurlara gətirib çıxarması İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki hörmətini, nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Digər bir əhəmiyyətli faktı da qeyd etmək istəyirəm. 2005-ci ilin parlament seçkiləri zamanı Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı təxminən 400 min civarında olduğu halda, 2010-cu ilin seçkiləri ərəfəsi bu rəqəm 500 mini ötüb. Bunun hər biri seçicidir. Deməli, Yeni Azərbaycan Partiyasını nəinki dəstəkləyənlərin, Yeni Azərbaycan Partiyası olaraq səs verən insanların sayı bu beş il ərzində əhəmiyyətli dərəcədə artıb. Potensial olaraq partiyamıza veriləcək səslərin sayının artması göz qabağındadır. Bütün bunların hamısı qarşıdan gələn parlament seçkilərində daha böyük uğurlar qazanacağımıza inamımızı əhəmiyyətli dərəcədə artırır. Ona görə də belə hesab edirik ki, biz maksimum proqramımızı da yerinə yetirə biləcəyik.

Parlamentdə partiyamızı təmsil edən indiki deputatların şəxsi keyfiyyətlərinin növbəti seçki strategiyasında nəzərə alınması məsələsinə gəldikdə, prinsip etibarilə qeyd etmək istəyirəm ki, onların fəaliyyətindən biz əsasən razıyıq. Bu beş il ərzində parlamentin uğurlu fəaliyyəti, ölkəmizin iqtisadi və digər sahələrdəki inkişafı üçün hüquqi bazanın yaradılması üçün əhəmiyyətli olan qanunların qəbul olunmasında Yeni Azərbaycan Partiyasının deputat korpusu səmərəli fəaliyyət göstərib. Belə olan halda bizim prinsip etibarilə hər hansı ciddi narazılıq haqqında fikir söyləməyə əsasımız olmamalıdır. Bununla yanaşı, qeyd etdiyim kimi, hər bir seçkinin çox ciddi qanunları var və bunun da əhəmiyyətli bir hissəsi seçicilərin rəyi ilə əlaqədardır. Biz belə hesab edirik ki, növbəti seçkilərdə uğur qazanmağımız üçün malik olduğumuz digər bütün parametrlərlə yanaşı, çox əhəmiyyətli bir faktor da nəzərə alınmalıdır. Bu da konkret dairələrdən irəli sürülən namizədlərin şansı məsələsidir. Biz seçicilərin rəyini dəqiq öyrənməklə elə namizədlər irəli sürməliyik ki, onların seçilmək şansı yüksək olsun və beləliklə də bizim qarşımıza qoyduğumuz maksimum proqramın reallaşmasına öz töhfəsini versin. Bu, artıq bizim kimlərə istinad edəcəyimizi və kimləri irəli sürəcəyimizi müəyyənləşdirəcək. Bununla bağlı təhlillərimizi aparırıq, güman edirəm ki, konkret fikir söyləmək həddindən artıq tezdir. Amma zamanı çatanda Yeni Azərbaycan Partiyasının müvafiq qərarı ortada olacaq.

- Ümumdünya Mətbuat Günü ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda mətbuatın, söz azadlığının vəziyyəti sahəsində problemlər olduğu qeyd edilib. Sizcə, bu cür rəylər nə dərəcədə reallığa uyğundur?

- Prinsip etibarilə əgər siz demokratiya, insan haqları və azadlıqları ilə bağlı klassik ədəbiyyatı, o cümlədən müasir nəzəriyyələri təhlil etsəniz, mütləq şəkildə orada qırmızı xətlə cızılan bir fikir görəcəksiniz. Demokratiya, insan azadlıqları ölkənin inkişafının fundamental əsaslarından birini təşkil edir. Mən bununla razıyam. Hesab edirəm ki, ayrı-ayrı ölkələrin tarixi bunu təkzibedilməz şəkildə sübuta yetirib. Azərbaycan son 5-6 ildir sürətlə inkişaf edir. Bu gün artıq Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modeli haqqında söhbətlər təkcə ölkəmizin hüdudları ilə məhdudlaşmır. Azərbaycanın hüdudlarından kənarda da çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar və qurumlar ölkəmizin özünəməxsus iqtisadi inkişaf modelinin formalaşmasını etiraf etmək məcburiyyətindədirlər.

Azərbaycan sürətlə dəyişib, ayrı-ayrı dövrlərdə ölkəmizin iqtisadi inkişafı 25-30-33 faiz arasında cərəyan edib. 2008-2009-cu illərdə dünyanın əksər ölkələrini lərzəyə salan iqtisadi və maliyyə böhranı demək olar ki, Azərbaycana təsir göstərə bilmədi. Ötən il Azərbaycanın iqtisadi inkişafı 9 faizdən yuxarı bir rəqəmlə ifadə olundu. Bu cür iqtisadi inkişaf göstəricilərini demək olar ki, dünyanın heç bir yerində müşahidə etmək mümkün deyil.  

Bütün bunlar Azərbaycanın davamlı olaraq və sürətli inkişafının təkzibolunmaz sübutlarıdır. Əgər Azərbaycan iqtisadi cəhətdən inkişaf edirsə, bunula yanaşı, ölkəmizin digər sahələri çox sürətli dinamika ilə irəliyə gedirsə, iqtisadiyyatımız və həyatımızın digər sahələri modernləşirsə, Azərbaycanın siması sürətlə dəyişir və yeniləşirsə, bütün bunların hamısının fonunda ölkəmizdə demokratiyanın, insan haqlarının, mətbuatın, söz azadlığının boğulması haqqında fikir səsləndirmək, qeyd etdiyim fundamental prinsiplərə uyğun gəlirmi? Təbii ki, uyğun gəlmir. Əgər Azərbaycanda çox sürətli və dinamik inkişaf varsa, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bu, belə bir faktın etirafına gətirib çıxarmalıdır ki, Azərbaycanda inkişaf üçün şərt olan bütün amillər mövcuddur. Bunu başqa cür şərh etmək, yaxud buna başqa prizmadan yanaşıb qiymət vermək mümkün deyil. Çünki inkişaf və demokratiya, inkişaf və insan, inkişaf və söz, mətbuat azadlığı bir-biri ilə o dərəcədə bağlıdır ki, bunun biri varsa, ikincisini mütləq şəkildə etiraf etməlisən. Əgər Azərbaycanda da iqtisadi inkişaf varsa, onda etiraf etmək məcburiyyətindəsən ki, bu ölkədə digər azadlıqlar da var. Bəzi beynəlxalq təşkilatların səsləndirdiyi fikirlərə gəldikdə, bu da gerçəkliyin bir tərəfidir ki, bəzi qurumlar, beynəlxalq güclər öz istəklərinin həyata keçirilməsi niyyətilə Azərbaycana müxtəlif formalarda təzyiqlər etmək taktikasından istifadə edirlər.

Bu cür təzyiqlərdən həm on il, həm də üç il əvvəl istifadə olunub. Digər müşahidə olunan meyl ondan ibarətdir ki, bir qayda olaraq seçkilər ərəfəsində və zamanında belə təzyiqlərin intensivliyi adətən artır. 2010-cu ilin noyabr ayında parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, belə təzyiqlərin mənasını və mahiyyətini başa düşmək o qədər də çətin deyil. Beləliklə, birmənalı şəkildə bildirmək istəyirəm ki, bütün bu söhbətlər, uydurmalar, Azərbaycanın reallıqları ilə uyuşmayan təhlillər əslində Azərbaycana təzyiq etmək və öz maraqlarına xidmət edən daxili və xarici siyasətinin istiqamətinin dəyişdirilməsinə nail olmaq məqsədlərini güdür. Amma indiyədək bu təzyiqlər bir nəticə vermədiyindən, Azərbaycan özünün və xalqın mənafeyi naminə seçdiyi yolundan dönmək istəmədiyindən, təbii ki, müsbət nəticə olmayıb və bundan sonra da olmayacaq.

Xəbər lenti

Xəbər lenti