...

Azərbaycan Prezidenti Çexiyanın Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 May 2010 17:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Çexiyanın Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin, regional əməkdaşlığın dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdən olduğunu vurğulayıb.

İlham Əliyev ümidvar olduğunu bildirib ki, Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcək. Çexiya Respublikasının ölkəmizdə səfirliyinin açılmasının önəmini qeyd edən dövlətimizin başçısı bu hadisəni ikitərəfli münasibətlərimizin mühüm elementi kimi dəyərləndirib.

Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bu səfərin Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını bildirib. O, Azərbaycan ilə əlaqələrin Çexiya üçün strateji xarakter daşıdığını vurğulayıb. Yan Kohout 2009-cu ildə Azərbaycanın dövlət başçısının Çexiya Respublikasına səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi işində xüsusi rolunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti