...

Azərbaycanda keçirilən genişmiqyaslı hərbi təlimdə 4000 nəfərdən çox şəxsi heyət iştirak edib

Siyasət Materials 24 İyun 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində 4000 nəfərdən çox şəxsi heyət iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, təlimə 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilib.

İyun ayının 21-dən 24-dək keçirilən təlim "Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması. Müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi. Müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulmuş düşmən qruplaşmasının darmadağın edilməsi. Əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi" mövzusunda olub.

Təlim Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi, genişmiqyaslı hücüm əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması məqsədi daşıyırdı.

Təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücüm əməliyyatında tətbiqi sualları işlənib, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib.

Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev izləyib.

Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

Xəbər lenti

Xəbər lenti