...

Azərbaycanın Baş Prokurorluğu keyfiyyətsiz dondurma məhsullarının istehsalı ilə bağlı cinayət işinə başlayıb

Siyasət Materials 6 İyul 2010 12:22 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu dondurma məhsullarının istehsalı ilə məşğul olan "AER" şirkəti barəsində cinayət işi açıb.
Azərbaycanın Baş Prokurorluğu keyfiyyətsiz dondurma məhsullarının istehsalı ilə bağlı cinayət işinə başlayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Baş Prokurorluğu dondurma məhsullarının istehsalı ilə məşğul olan "AER" şirkəti barəsində cinayət işi açıb.

Azərbaycan Cinayət Məcəlləsinin istehlakçıları aldatma və ya piskeyfiyyətli məhsul istehsal etmə və satma, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib, - məlumatı çərşənbə axşamı prokurorluğun rəsmi internet-saytı yayıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Səlahiyyətli dövlət orqanları vətəndaşları əmin edir ki, istehlakçıların aldadılmasına yönəldilmiş keyfiyyətsiz məhsul istehsal edən və satışını həyata keçirən fiziki və hüquqi şəxslərə qarşı kəskin mübarizə bundan sonra da davam etdirilərək, təqsirkar şəxslərin müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilmələri təmin olunacaq.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən Şükürov Azər Əkbər oğlunun direktor olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanda fəaliyyət göstərən "AER" şirkətində dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.

Yoxlama zamanı şirkətin anbarında satışa hazır 17 çeşiddə, ümumi çəkisi 19 min 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 min 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan vaxtdan artıq göstərildiyi, dondurma məhsullarının qablaşdırılmasında istifadə olunan, lakin istehsalçı və yararlılıq müddətləri göstərilməmiş üç çeşiddə 215 min 250 vafli məhsulları müəyyən edilərək,  saxlamaya verilib. Qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması və dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə "AER" şirkətinə iyunun 12-də göstəriş verilib.

Həmçinin, yoxlamanın gedişində müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmalarının üç çeşidindən nümunələr götürülərək, laborator müayinəyə verilmiş, nəticədə, plasmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, 65 qramlıq "Belıye noçi" adlı dondurmada mezofil-aerob və fakültətiv-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Nağıl" adlı dondurmada isə  tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar) aşkar edilib. Bu səbəbdən, həmin məhsulların ASİHMDX əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə "AER" şirkətinə iyunun 18-də göstəriş verilib.

Qeyd olunan göstərişlərin icra vəziyyəti iyunun 25-də yoxlanılaraq müəssisənin anbarında 19 min 318 kiloqram hazır məhsuldan 14 min 558 kiloqram və ya 4 min 760 kiloqram az, 5 min 604 kiloqram bükmə materiallardan isə yalnız 2 min 555 kiloqram və ya 2 min 555 kiloqram az aşkar edilmişdir. Müəyyən edilmişdir ki, verilmiş göstərişə riayət edilməyərək, keyfiyyətsiz məhsullar ticarət şəbəkələrindən geri yığılmamış, eyni zamanda, istehsalat prosesi davam etdirilməkdədir.

"AER" şirkəti 2010-cu il 19 iyun tarixli 121 nömrəli məktubla anbarda olan 4 min 760 kiloqram və ticarət şəbəkəsindən yığılmış 120 kiloqram dondurmaların "Təmiz Şəhər" ASC-nin poliqonunda məhv edildiyini bildirsə də, yoxlama zamanı həmin firma tərəfindən heç bir dondurmanın "Təmiz Şəhər" ASC-yə təqdim olunmadığı və məhv edilmədiyi müəyyən edilmişdir.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti