...

Böyük Britaniyada "Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər" adlı kitabın təqdimatı keçirilib

Siyasət Materials 27 Sentyabr 2010 16:06 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər" adlı kitabın təqdimat mərasimi keçirilib.
Böyük Britaniyada "Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər" adlı kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər" adlı kitabın təqdimat mərasimi keçirilib. Trend-in Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi təqdimatı keçirilən kitabın müəllifi kanadalı hərbi jurnalist, "Esprit de Corps" hərbi jurnalının redaktoru Skott Teylordur.

Təqdimat mərasimində bir sıra ölkələrin Böyük Britaniyadakı səfirləri, diplomatik missiyaların təmsilçiləri, mətbuat nümayəndələri, regiona maraq göstərən tədqiqatçılar, Londonda fəaliyyət göstərən Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov qeyd olunan kitabın nəşr olunmasının regionda baş verən hadisələrin obyektiv işıqlandırılması, xüsusilə də Qərb cəmiyyətinə reallıqların olduğu kimi çatdırılması baxımından təqdirəlayiq hal olduğunu və kitabın Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb. O, həmçinin, kitabla bağlı öz təəssüratlarını bölüşüb və kitabın uzunmüddətli araşdırmalar nəticəsində ərsəyə gətirildiyini qeyd edib.

Daha sonra müəllifin özünün hazırladığı və kitabın xülasəsinə həsr edilmiş videomaterial göstərilib. Videomaterialda müəllifin öz dilindən kitabın yazılma məqsədi barədə məlumat verilib. Bildirilib ki, ötən əsrdə Şərqi Anadolu və Cənubi Qafqazda baş vermiş iki hadisə - 1915-ci il hadisələri və Dağlıq Qarabağ ətrafında baş verən hadisələr bir çox hallarda Qərb, xüsusilə də Kanada ictimaiyyətinə birtərəfli qaydada çatdırılıb. Bu baxımdan, o, baş vermiş hadisələrin həqiqətə uyğun şəkildə Qərb ictimaiyyətinə çatdırılma lüzumunu hiss edərək bu kitabı yazmağa başlayıb.

Xüsusilə, Dağlıq Qarabağ müharibəsində ermənilər tərəfindən törədilmiş vəhşiliklərin miqyas baxımdan 90-cı illərdə Balkanlarda baş vermiş faciələrdən daha kəskin olduğunu, lakin bu münaqişəyə və bütövlükdə Qafqaz regionuna lazımi diqqətin göstərilmədiyini təəssüf hissi ilə nəzərə çatdırıb. Müəllif kitabın məhz bu boşluğun doldurulması məqsədi ilə nəşr edildiyini və bu kimi təqdimat mərasimlərinin bir çox ölkələrdə nəzərdə tutulduğunu qeyd edib.

Kitab Teylorun Cənubi Qafqaza çoxsaylı səfərləri, müharibənin baş verdiyi ərazilərə səfərləri və Dağlıq Qarabağ müharibəsinin qurbanları ilə görüşləri əsasında qələmə alınıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti