...

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri bundan sonra da dərinləşəcək

Siyasət Materials 13 İyun 2011 16:02 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri bundan sonra da dərinləşəcək
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri bundan sonra da dərinləşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb, məlumatı bazar ertəsi Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli cənab Baş nazir, əziz qardaşım, 12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz illər ərzində gördüyünüz işlərin nəticəsi, xalq tərəfindən fəaliyyətinizə verilən yüksək qiymətdir.

Azərbaycanla Türkiyə arasında əlaqələr dərin tarixi köklər üzərində qurulub və strateji tərəfdaşlıq münasibətləridir. Bu çoxşaxəli münasibətlər siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə ildən-ilə daha da güclənir və inkişaf edir. Beynəlxalq aləmdə ölkələrimizin daim bir-birini dəstəkləməsi mühüm əhəmiyyət daşıyır və böyük məmnunluq doğurur.

İnanıram ki, Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək, gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzərdən keçirərək daha da inkişaf etdirmək üçün Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.

Hörmətli cənab Baş nazir, əziz qardaşım, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər, dost və qardaş Türkiyə xalqına daim firavanlıq və tərəqqi arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti