...

Prezident İlham Əliyev Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Avqust 2011 19:38 (UTC +04:00)
Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu gün Şabran rayonunda təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Yüksək səviyyədə aparılan inşaat işləri bu il avqustun əvvəlində başa çatdırılıb.

Bildirildi ki, ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqlar üçün "Nağıl otağı" yaradılıb.

Mərkəzin kitab fondu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanıb. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılıb. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaq. Vurğulandı ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilib.

Dövlətimizin başçısına bildirildi ki, ikinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilmişdir. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.

Qeyd olundu ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilib. Dövri mətbuatın elektron kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir.

Bildirildi ki, sistem vasitəsilə dövlətimizin başçısının imzaladığı Sərəncam, Fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılıb.

Mərkəzin ətrafındakı parklar yenidən qurulub, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılıb.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti