...

Sarkozi Fransa və Türkiyəni baxışlara qarşılıqlı hörmət etməyə çağırır

Siyasət Materials 23 Dekabr 2011 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/

Cümə günü Fransa Prezidenti Nikola Sarkozi Fransa və Türkiyəni qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar yaranmış mübahisələrin fonunda baxış və fikirlərə qarşılıqlı hörmət etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Frans Press agentliyi "New Lebanon"a istinadən xəbər verir.

"Mən türk dostlarımızın baxışlarına hörmət edirəm. Bu, böyük ölkə, böyük sivilizasiyadır və onlar bizim baxışlarımıza hörmət etməlidirlər", - Praqada Çexiyanın eks-prezidenti Vatslav Havelin dəfnində iştirak edən Sarkozi bildirib.

"Fransa heç kimə dərs vermir, lakin heç kimdən dərs almağı da istəmir", - Sarkozi deyib.

Bir neçə saat bundan əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Sarkozi türklərin və müsəlmanların əleyhinədir. Bu barədə TRT Haber telekanalı xəbər verib.

Ərdoğan deyib ki, əgər Sarkozinin əlcəzairlilərin soyqırımından xəbəri yoxdursa, onda qoy bunu Əlcəzairdəki Fransa legionunda xidmət edən atasından soruşsun.

Baş nazirin sözlərinə görə, Prezident Sarkozi xristianlarla müsəlmanlar arasında münaqişə qızışdırmaqla öz seçki kampaniyasını irəli aparmaq istəyir.

"İstənilən şəraitdə biz sakitliyi qoruyub saxlamalıyıq", - Sarkozi deyib və Fransanın öz şəxsi fikri üçün icazə istəmədiyini, Fransanın insan haqları və xatirəyə hörmət haqqında öz fikri olduğunu əlavə edib.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti