...

Azərbaycan Parlamentinin deputatı Kolumbiya Senatının sədrinə məktub ünvanlayıb

Siyasət Materials 25 Aprel 2012 18:44 (UTC +04:00)
Azərbaycan Parlamenti Kolumbiya Senatının Xocalı faciəsini soyqırım kimi tanımasını müsbət qiymətləndirib.
Azərbaycan Parlamentinin deputatı Kolumbiya Senatının sədrinə məktub ünvanlayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Parlamenti Kolumbiya Senatının Xocalı faciəsini soyqırım kimi tanımasını müsbət qiymətləndirib. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan millət vəkili Aydın Mirzəzadə Kolumbiya Senatının sədri Juan Manuel Corzo Romana təşəkkür məktubu ünvanlayıb.

"Kolumbiya Senatı tərəfindən Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində dinc əhaliyə qarşı törədilmiş soyqırıma siyasi qiymət vermənizdən razı qaldım. Xocalı faciəsi Azərbaycan xalqının XX əsrdə rastlaşdığı ən dəhşətli hadisədir. Hazırda Xocalı faciəsinin adı dünyada Xolokost, Xatın, Songmi, Serebrenisa kimi qandonduran faciələrlə yanaşı çəkilir", - çərşənbə günü Trend-ə daxil olan məktubda deyilir.

Təşəkkür məktubunda qeyd olunur ki, qonşu Ermənistan SSRİ-nin dağılması ərəfəsində keçmiş ittifaq mərkəzinin resurslarından istifadə edərək, Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, əhalimizin 15 faizini (1 milyon nəfər) öz ölkəsində qaçqına çevirdi, həm Azərbaycana, həm də özünə böyük fəlakətlər gətirdi. Müharibə dövründə saysız-hesabsız Xocalı hadisələri törətdi. Hazırda müharibədə atəşkəs əldə edilsə də, işğal faktoru qalmaqdadır, Xocalı soyqırımının səbəkarları isə hələ də öz cəzalarına çatmayıb.

"Kolumbiya parlamentinin Azərbaycanın ağrılı probleminə obyektiv qiymət verməsi təqdirəlayiq bir hadisədir. Azərbaycan cəmiyyətində Sizin qərarınız böyük maraqla və minnətdarlıq hissi ilə qarşılanmışdır. Hesab edirik ki, bu qərar Azərbaycan-Kolumbiya münasibətlərində yeni bir səhifə açır və Azərbaycan Kolumbiya timsalında yeni bir dost tapır. Parlamentimizin növbəti iclasında mən Kolumbiya parlamenti ilə dostluq qrupunun yaradılması təklifi ilə çıxış edəcəyəm. İndidən özümü o qrupun üzvü hesab edirəm. Bir daha Senata, şəxsən Sizə cənab Sədr, Xocalı ilə bağlı obyektiv qərarınıza görə təşəkkür edir, Kolumbiya xalqına ən xoş arzularımı bildirirəm", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti