Azərbaycan, Bakı, 30 avqust /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.
XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanın surətlə inkişaf etdiyini qeyd edən Əli Laricani, ölkəmizin güclü dövlətə çevrildiyini vurğulayıb.
Laricani İranın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib, ölkəmizin ərazi bütovlüyünü və müstəqilliyini dəstəklədiyini bildirib.
Nazir Elmar Məmmədyarov İran parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinə dair son durum haqqında məlumat verib və münaqişənin həlli üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayıb.
Azərbaycan üçün ən mühüm məsələnin torpaqlarımızın işğal olması məsələsi olduğu İran rəsmisinin diqqətinə çatdırılıb. Həmçinin, Məmmədyarov Azərbaycanın gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.
Görüşdə Elmar Məmmədyarov iki Azərbaycan vətəndaşı olan Şəhriyar Hacızadə və Fərid Hüseynovun həbs məsələsini qaldırıb. Nazir Azərbaycan şairlərinin həbsi məsələsinin dövlətimiz və xalqımız üçün böyük narahatlıq doğurduğunu qeyd edərək, bu məsələnin tezliklə öz həllini tapacağına ümidvar olduğunu söyləyib.