...

Prezident İlham Əliyev: Azərbaycan "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində böyük uğurlara nail olacaq

Siyasət Materials 24 Aprel 2013 22:36 (UTC +04:00)
Azərbaycan “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində də böyük uğurlara nail olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşlə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavabında bildirib.
Prezident İlham Əliyev: Azərbaycan "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində böyük uğurlara nail olacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində də böyük uğurlara nail olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşlə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavabında bildirib.

"İlk növbədə hesab edirəm ki, bu günə qədər Azərbaycan tərəfindən görülmüş işlər deməyə əsas verir ki, Azərbaycan "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində də böyük uğurlara nail olacaqdır. Dediyiniz kimi, bizim çox böyük qaz ehtiyatlarımız vardır və təsdiq edilmiş qaz resurslarımız hazırda 2,6 trilyon kubmetr həcmindədir. Ancaq çox güman ki, bu rəqəm artacaqdır. Çünki yeni kəşf edilmiş yataqlardan daha da çox qaz ehtiyatları gözlənilir", - İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, beləliklə, uzun illər, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən çox önəmli ölkəyə çevrilməlidir. Əlbəttə, buna nail olmaq üçün müxtəlif, yəni, çoxşaxəli qaz kəmərləri lazımdır. Hazırda Azərbaycan öz qazını müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Azərbaycan öz qazını Ermənistan istisna olmaqla, bütün başqa qonşularımıza nəql edir. Əlbəttə, gələcəkdə Avropa bazarına çıxmaq üçün yeni imkanlar yaradılmalıdır.

"Azərbaycan tərəfindən həyata keçirilən layihələr, hesab edirəm ki, uğurla nəticələnəcəkdir. Onların arasında son müddət ərzində ən yaddaqalan TANAP layihəsidir. TANAP layihəsini Azərbaycan təşəbbüs kimi irəli sürmüşdür. TANAP layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazı Avropa sərhədlərinə qədər çatdırılmalıdır və ondan sonra Avropanın qaz şəbəkəsinə daxil olacaqdır.

Bizim bütün təşəbbüslərimiz Avropa İttifaqı tərəfindən dəstəklənir. İki il bundan əvvəl bu salonda Avropa Komissiyasının sədri cənab Barrozu ilə biz strateji əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu memorandum enerji məsələlərinə aid idi və ondan sonra fəal iş başlamışdır. Ona görə, bazar Avropa bazarıdır, resurslar Azərbaycandan gələcəkdir. Tranzit ölkələri ilə uğurlu əməkdaşlıq aparılır və bu əməkdaşlığın çox gözəl tarixçəsi də vardır. Biz öz qonşularımızla - Gürcüstan və Türkiyə ilə artıq böyük neft-qaz layihələrinin həyata keçirilməsində yaxşı uğurlara nail olmuşuq. Ona görə, mən heç bir maneə görmürəm. Nəzərə alsaq ki, Avropa məkanı qaz təchizatının şaxələndirilməsində maraqlıdır, hesab edirəm burada heç bir əngəl ola bilməz. O ki qaldı rəqabət məsələlərinə, biz heç kimlə rəqabət aparmaq fikrində deyilik və sadəcə olaraq öz təbii resurslarımızı bizim üçün məqbul sayılan bazarlara nəql etməyə çalışırıq", - Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, bu məsələlərdə Avropa İttifaqı tərəfindən qəbul edilmiş prinsiplər əsas rol oynamalıdır. Bu da sərbəst və ədalətli rəqabət prinsipləridir və bazar iqtisadiyyatı prinsipləridir. Avropa bazarı liberal bazardır, qanunlarla tənzimlənən bir bazardır, bizim üçün çox böyük və cəlbedici bazardır. Burada həm Avropanın, həm də Azərbaycanın maraqları üst-üstə düşür və məhz buna görə də biz öz münasibətlərimizi enerji sahəsində strateji tərəfdaşlıq kimi qiymətləndiririk.

"Yəni, burada təchizatçı ölkə Azərbaycan, tranzit ölkələri Gürcüstan və Türkiyə, istehlakçı ölkələr Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələr arasında enerji təchizatı və enerji təhlükəsizliyi ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, müəyyən dövrdə bəzi ləngimələr olmuşdur. Bu boşluğu doldurmaq üçün Azərbaycan, bir daha demək istəyirəm ki, Trans-Anadolu (TANAP) layihəsini irəli sürmüşdür. Əminəm ki, bu layihənin icrasında da biz həmişə olduğu kimi, böyük uğurlar qazanacağıq", - İlham Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti