...

Əli Həsənov: "Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir" (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Fevral 2015 10:33 (UTC +04:00)
"Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var".
Əli Həsənov: "Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin pozulması kimi pis nəticələrə yol aça bilər". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir.

Ə.Həsənov Azərbaycan hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib: "Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı separatçı rejim adlandırır, digərində isə bunu etmir".

Əli Həsənov müsahibəsində Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs rejiminin pozulması hallarını qınayıb. PA rəsmisi qeyd edib ki, ABŞ və müttəfiqləri Ermənistanın beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir.

Hökumət rəsmisi ABŞ ilə Azərbaycan arasında dünya mətbuatında əksini tapan gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb. Azərbaycan ilə ABŞ xüsusilə terrorizmə qarşı mübarizə və enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlıqda maraqlıdır.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək problemləri də var. Təxminən 300-ə yaxın azərbaycanlı Suriyada islamçı ekstremistlərlə birgə mübarizə aparmaq üçün Azərbaycanı tərk edib və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəziləri də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzliyə vurur.

Şöbə müdiri son vaxtlar dünyada baş verən maliyyə problemləri və bunun ölkəmizə təsirləri bərədə də məlumat verib. Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank depozitləri, əmlak satışı və avtomobil kimi lüks əşyaların idxalına yeni vergilərin tətbiqi büdcəyə mənfi təsirləri aradan qaldıracaq. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir.

Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov valyutamızın dollar qarşısında zəifləyən avroya uyğunlaşdırılaraq dəyərdə saxlanılmasının planlaşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti