...

Polislə əməkdaşlıq edənlərə xüsusi geyim forması, vəsiqə veriləcək

Siyasət Materials 2 Mart 2016 18:17 (UTC +04:00)
Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə xüsusi geyim forması, vəsiqə veriləcək.
Polislə əməkdaşlıq edənlərə xüsusi geyim forması, vəsiqə veriləcək

Bakı. Trend:

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə xüsusi geyim forması, vəsiqə veriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanı ilə təsdiq edilmiş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası"nda deyilir.

İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

Vətəndaşların ictimai asayişin qorunmasında iştirakı digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. Vətəndaşları ictimai asayişin qorunması ilə bağlı onların həyat və sağlamlığına təhlükə yaradan fəaliyyətə cəlb etmək qadağandır.

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, habelə bu Qaydada nəzərdə tutulmuş fəaliyyəti ictimai asayişin təmini ilə bağlı olmayan məqsədlərlə həyata keçirə bilməzlər.

Polis orqanları ilə əməkdaşlıq edən vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı aşağıdakı tədbirləri həyata keçirə bilərlər:

- hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;
- insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;
- ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;
- ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
- əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;
- qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək.

Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

Aşağıdakı şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər:
- cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər;
- psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
- inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər. Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir. Geyim formasının, döş nişanının və vəsiqənin təsviri və nümunələri Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Polis orqanları ilə əməkdaşlıq edən şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır. Müqavilənin forması Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslər ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.

Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir. Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri həvəsləndirmə qaydasında mükafatlandıra bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti