Bakı. Trend:
Ələt Azad İqtisadi Zonası (AFEZ) bərpa olunan enerji mənbələri (BEM) üçün avadanlıq istehsal edən şirkətləri AİZ-də müəssisələr təşkil etməyə dəvət edir.
Trend xəbər verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.
"AFEZ-də günəş panelləri, külək elektrik stansiyaları üçün detallar və avadanlıq, eləcə də BEM üçün komponentlər istehsal edən digər şirkətləri xoş qarşılayırıq", - o deyib.
Onun sözlərinə görə, perspektiv investorlar üçün cəlbedici məqam 2026-cı ilin birinci yarısında AFEZ ərazisində yük hava limanının istismara verilməsi olub.
Başlanğıc mərhələdə hava limanındakı yük terminalları AİZ-dən 500 min ton yükün daşınmasına imkan verəcək, gələcəkdə isə bu həcm ildə təqribən 1,5 milyon tonadək artırılacaq.
"AFEZ Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin kəsişməsində yerləşir. Bu, AFEZ-in mühüm xüsusiyyətidir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, artıq AFEZ-də fəaliyyət göstərən şirkətlər bütün qlobal iqlim standartlarına cavab verir və ekoloji təhlükəsizlik məsələlərinə ciddi yanaşır.
AFEZ İdarə Heyətinin sədri həmçinin AİZ ərazisində "yaşıl" sertifikatların fəaliyyətə başlayacağını bildirib.
"Bu ərazidə güzəştli gömrük və vergi rejimi mövcuddur", - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il mayın 22-də Bakı şəhərinin Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb.
AİZ 2022-ci ilin iyul ayından "Ələt Azad İqtisadi Zonası" haqqında qanuna əsasən fəaliyyətə başlayıb.
AFEZ-in yaradılması ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların həcminin artırılmasına yönəlib. Qanunvericilik AİZ-də çalışan əcnəbi ixtisaslaşmış personalı gəlir vergisi, sosial sığorta ödənişləri və digər bu kimi vergi və ödənişlərdən azad edir.
AİZ-dəki şirkətlər bütün gömrük və vergilərdən, o cümlədən istənilən məhsul və xidmətlərin xaricə ixracına görə ƏDV-dən azad olunurlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)