...

Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kənd təsərrüfatı sektorunun payına düşür - Nazirlik

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 17:41 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kənd təsərrüfatı sektorunun payına düşür.

Trend xəbər verir ki, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Bu, atmosferə buraxılan 62,4 milyon ton tullantının 8 milyon tonu deməkdir", - o deyib.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda digər sektorlarla yanaşı, kənd təsərrüfatı sektoru da iqlim dəyişmələrinin nəticələri ilə əlaqədar olaraq mühüm risklərlə üzləşə bilər.

O əlavə edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına təsir göstərir, lakin kənd təsərrüfatı da öz növbəsində iqlimə təsir edir.

"Bundan başqa, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri problemləri də ölkəmiz üçün aktualdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə 1,5 milyon hektara yaxın suvarılan torpaq sahəsi var və kənd təsərrüfatında müasir suvarma sistemlərinin istifadəsi təşviq olunur", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti