...

Azərbaycan ilə Belarus arasında münasibətlər strateji xarakter daşıyır – RƏY

Siyasət Materials 17 May 2024 16:16 (UTC +04:00)
Azərbaycan ilə Belarus arasında münasibətlər strateji xarakter daşıyır – RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və münasibətlərin yeni inkişaf mərhələsinə çıxmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılıb. Ötən müddət ərzində iki ölkə arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Əlbəttə ki, bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Belarus Prezidentinin rəsmi səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında hüquqi bazanın genişlənməsinə imkan verməklə yanaşı, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına və mövcud potensialdan daha geniş istifadə etməyə şərait yaradacaq.

“Bu baxımdan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu mühüm əhmiyyətə malikdir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı dövlət başçıları tərəfindən də yüksək qiymətləndirilir.

“Cənab Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirdi ki, “aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir”.

Eyni zamanda Aleksandr Lukaşenko bəyan etdi ki, “Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”.

Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına imkan yaradacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti