...

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində önəmli yerə sahibdir - ŞƏRH

İqtisadiyyat Materials 17 May 2024 17:03 (UTC +04:00)
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində önəmli yerə sahibdir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yerləşdiyi geostrateji mövqeyini nəzərə alaraq həm Şimal-Cənub, həm Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərində önəmli yerə sahibdir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O qeyd edib ki, bu kontekstdə Şimal-Cənub dəhlizi boyu son illər yüklərin artım dinamikasını və marağın artdığını müşahidə edirik.

"Bunu nəzərə alaraq, dövlət tərəfindən silsilə layihələr həyata keçirilir. Bunlardan biri də Astara terminalının yenidən qurulmasıdır. Yüklərin artması bu işləri labüd etmişdir. Bu terminalda görülən yenidənqurma işləri cənub istiqamətindən gələn yük axınının tələbə uyğun təşkili yönündə verilmiş qərar idi. 2017-ci ilə qədər Azərbaycan tərəfi İran Astarasında 35 ha ərazini 25 illik icarəyə götürüb terminal tikmişdi. Azərbaycan Astarasında olan terminalda yenidənqurma işləri də əlavə yük qəbulu imkanı yaradacaq. Astara terminalı illik 1 milyon ton yük əməliyyatının aparılmasını mümkün edir, layihənin sonunda isə bu rəqəm növbəli iş rejimi ilə 4 milyon tona qədər olması gözlənilir", - o vurğulayıb.

Ekspert əlavə edib ki, bundan başqa Sumqayıt-Yalama dəmi yolunda təmir işlərinin tamamlanması gözlənilir.

"Elektriklənmə işlərinin 2028-ci ilə kimi bitməsi nəzərdə tutulub. Həmçinin Rusiya-Azərbaycan sərhəddində Yalama 2 stansiyasının və Rusiya tərəfində Samur 2 stansiyasının tikilməsi də nəzərdə tutulub. Bu da 2025-ci ilə qədər 15 milyon ton yükün qəbuluna imkan yaradacaq. Hazırda Yalama stansiyası gün ərzində təxminən bir istiqamətdə 10 cüt qatar (illik təxminən 11 milyon ton yük) qəbul edə bilir. Belə infrastruktur layihələri Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yük daşınmasının artmasına gətirib çıxardacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin 2030-cu ilə 30 milyon tona qədər yükün qəbulu nəzərdə tutulub. Azərbaycan həm də fərqli istiqamətlərdə, şaxələndirmə yönündə də işlər görür. Buna misal olaraq, Horadiz-Ağbənd dəmir yolunu və İran istiqamətində Araz çayının üzərindən ilkin olaraq avtomobil yolunun tikintisi də Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəinki Astara, həm də Culfa istiqamətində də çıxış təmin ediləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədiləAzərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırılıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir.Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınanrəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.

ADY-nin tranzit yükdaşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb.Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti