...

İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda "Axar yaddaş" adlı sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 1 Noyabr 2025 14:34 (UTC +04:00)
İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda "Axar yaddaş" adlı sərgi açılıb (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı çərçivəsində Bakının qədim hissəsində – İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda “Axar yaddaş” adlı kollektiv sərgi açılıb. Bu ekspozisiya hamam mədəniyyətinin müasir interpretasiyasıdır.

Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, eləcə də gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripov iştirak edirlər.

Trend xəbər verir ki, sərginin kuratoru Mansura Məmmədəliyeva bildirib ki, ekspozisiya təkcə ənənələri əks etdirmir, həm də su, yaddaş və təmizlənmə prizmasından Azərbaycanda hamam mədəniyyəti və tarixinin çoxqatlı semantikasını araşdırır.

Səbinə Şıxlinskaya 2006-cı ildə yaratdığı və illər ərzində müxtəlif variantlarda təxminən on beş ölkədə uğurla nümayiş etdirilən “Hamam” adlı video-instal­yasiyasını təqdim edib.

“Hamam” kompozisiyasında XVI əsr kişi hamamlarının atmosferi və ibadət öncəsi təmizlənmə ritualları bərpa olunur. Əsərdə Xalq artisti, tanınmış bəstəkar Fərəc Qarayevin “Nostaljiya” albomundan musiqi fraqmentləri səslənir. Bu səslər vizual ardıcıllığa paralel ritmik struktur yaradır və tamaşaçını meditativ harmoniya və ritual təcrübəsi vəziyyətinə daxil edir.

Onun ideyasına görə, insan varlığı günah və saflıq arasında bir vəziyyətdədir və hamam bu iki hal arasında keçid məkanına çevrilir. Burada su yalnız bədəni deyil, həm də ruhun yükünü yüngülləşdirir.

Nərgiz Əskərova “Su kimi ol” adlı unikal nano video-art təqdim edib. Bu əsərdə rəssam suyun mədəni və simvolik ölçülərini araşdırır. Onun üçün su həm həyatın başlanğıcı, həm də mədəni davamlılığın daşıyıcısıdır; burada təmizlənmə, yenilənmə və çevrilmə birləşir. Bu kontekstdə hamam xüsusi məna qazanır: burada su yalnız bədənin fiziki təmizlənməsi vasitəsi deyil, həm də kollektiv yaddaşın qorunması və şəxsi kimliyin yenidən doğuluşu prosesində rituall element kimi çıxış edir.

Rəssam rəqəmsal texnologiyalar vasitəsilə suyun yaddaş və irs daşıyıcısı kimi transformativ gücünü vurğulayır.

Aliyə Bayramova və Timur Zaripov “Axarın fövqündə” adlı video-art əsərində yaddaşın dövri təmizlənməsi və yenilənməsi mövzusunu araşdırırlar. Ekranda su və təbiət kadrları xatirə fraqmentləri kimi montaj edilir. Hər bir kadr bir anlıq peyda olur, indini qeydə alır, sonra tədricən əridilərək yoxa çıxır – bu həm təmizlənmə, həm də dirçəliş jestidir.

Ekran sanki su ilə dolu bir qabı xatırladır: obrazlar yaranır, yuyulur və çəkilir, arxasında isə az qala nəzərə çarpmayacaq iz buraxır. Bu, yenilənmənin silinmə deyil, yaddaşın sakit şəkildə yenidən qurulması olduğunu göstərir.

Videonu müşayiət edən sakit, hekayəsiz səslər təsvirləri izah etmir, sadəcə zamanın axışını, nəfəs və buxara bənzər istilik hissini ötürür. Səs və təsvir birlikdə tamaşaçını xatırlama və unutma arasındakı incə məkana dəvət edir. Burada təmizlənmə həm buraxılış, həm də ötürmə aktına çevrilir – yuyulmuş xatirələr başqa bir axına qarışaraq varlığını davam etdirir.

Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıda incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm “Bakıya uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti