...

Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir - Bakıda bir sıra mühüm sənədlər imzalanıb (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2025 12:36 (UTC +04:00)
Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir - Bakıda bir sıra mühüm sənədlər imzalanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə də iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Viktor Lyaşkonun rəhbərliyi etdiyi geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfərinin mahiyyətini vurğulayan Teymur Musayev deyib: “Səfər Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika, onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcək. Eyni zamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq”.

Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Viktor Lyaşko ölkələrimizin tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb: “Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir”.

Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.

Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə yaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın "Oxmatdıt" Uşaq Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq Memorandumları imzalanıb.

Həmçinin, Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlıq Memorandumu imzlanıb.

İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti