Bakı. Trend:
Orta Dəhlizlə konteyner daşımalarının payı sürətlə artır – son 12 ay ərzində onların həcmi 3 dəfə artıb.
Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki, bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərində keçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumunda deyib.
O qeyd edib ki, son iki il ərzində Orta Dəhliz vasitəsilə ticarət həcmləri iki dəfədən də çox artıb və 2030-cu ilə qədər onların daha 2 dəfə artacağı gözlənilir:
“Biz bu gün sürətli dəyişikliklər və davamlı transformasiyalarla xarakterizə olunan bir dünyada yaşayırıq. Dünya getdikcə daha çox qarşılıqlı əlaqəli olduqca, logistika sahəsində əməkdaşlıq, innovasiyalar və vahid standartlara ehtiyac heç vaxt indiki qədər aktual olmayıb”.
""Kəmər və Yol" marşrutları bu gün artıq real bir həqiqətə çevrilib. Biz görürük ki, yük avtomobilləri bu marşrutları keçərək qitələri və bazarları heç vaxt olmadığı qədər birləşdirir", - deyə o bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
