Bakı. Trend:
"Rockstar Games" şirkəti Böyük Britaniya və Kanada ofislərində çalışan təxminən 40 əməkdaşını işdən azad edib. Bildirilir ki, işdən çıxarılanların hamısı şirkətin qapalı "Discord" qrupunun üzvləri olub.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Böyük Britaniyanın Müstəqil İşçiləri Təşkilatının (IWGB) məlumatına görə, bəzi əməkdaşlar şirkət daxilində həmkarlar ittifaqı yaratmağa cəhd göstəriblər. "IWGB" kütləvi işdən çıxarılmanı “Britaniya oyun sənayesi tarixində həmkarlar ittifaqının ən sərt şəkildə sıxışdırılması” kimi dəyərləndirib.
Təşkilatın bəyanatında qeyd olunub: “Rockstar həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə dəstək verən 30-dan çox işçini ədalətsiz şəkildə işdən çıxarıb. Biz geri çəkilməyəcəyik və onların hamısının işinə bərpa olunmasını tələb edirik”.
"Bloomberg" yazır ki, şirkət hazırda gələn ilin may ayında buraxılması planlaşdırılan “GTA 6” oyununun təqdimatına hazırlaşarkən ciddi daxili təzyiqlərlə üzləşir.
