...

Tramp Ali Məhkəmədə dinləmələrdə iştirak edən ilk ABŞ prezidenti ola bilər

Dünya xəbərləri Materials 1 Noyabr 2025 22:46 (UTC +04:00)
Tramp Ali Məhkəmədə dinləmələrdə iştirak edən ilk ABŞ prezidenti ola bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp tariflərlə bağlı keçiriləcək dinləmələrdə iştirak edərsə, ölkə tarixində Ali Məhkəmənin şifahi müzakirələrinə qatılan ilk dövlət başçısı olacaq.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumata əsasən, Tramp əvvəlki dövrdə tətbiq etdiyi idxal tariflərinin taleyini müəyyən edəcək dinləmələrdə şəxsən iştirak etmək niyyətində olduğunu bildirib. “Bloomberg” Ali Məhkəmə Tarix Cəmiyyətinin nəşrlər üzrə direktoru Kler Kuşmana istinadən qeyd edir ki, Ali Məhkəmənin iki əsrdən artıq tarixində indiyədək heç bir prezident şifahi müzakirələrdə iştirak etməyib.

Agentlik yazır ki, Trampın dinləmədə iştirakı administrasiyaya tariflərin qanunsuz hesab olunması barədə qərarın ləğv edilməsi üçün məhkəməyə dolayı təzyiq imkanı verə bilər. Bununla belə, onun iştirakının baş tutub-tutmayacağı hələ də qeyri-müəyyəndir, çünki həmin gün Trampın Florida ştatının Mayami şəhərində keçiriləcək biznes forumunda çıxış etməsi planlaşdırılır.

Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq edilən çoxsaylı tariflərin qanuniliyini araşdırmaq məqsədilə noyabrın 5-nə dinləmə təyin edib. İş bir qrup biznesmenin hökumətə qarşı, tariflərin qanunsuz tətbiqi və şirkətlərinə vurduğu zərərlə bağlı iddia qaldırmasından sonra başlanıb.

Xatırladaq ki, avqustun 29-da ABŞ Dairə Apellyasiya Məhkəməsi Trampın bəzi tarifləri tətbiq etmək səlahiyyətinin olmadığını qərara alıb. Sentyabrın 4-də isə Tramp administrasiyası bu qərarın ləğvi üçün Ali Məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti