Bakı. Trend:
Bir çox ölkələr, o cümlədən, Azərbaycan 5G və "Fiber to the Home" (FTTH, mənzildə fiber optik qoşulma) metodunun köməyilə qiqapolislərin inkişafını hədəfləyən etibarlı rəqəmsal infrastrukturun yaradılmasının prioritet olduğu rəqəmsal strategiyaları işə salıb.
Trend xəbər verir ki, bu barədə " Huawei Carrier Business Middle East & Central Asia prezidenti Alex Xu Bakıda keçirilən "GSMA М360 Eurasia 2024" konfransında deyib.
"Bağlantını yaxşılaşdırmağın ən səmərəli yolu qiqapolislər yaratmağı hədəfləməkdir. Regionla bağlı dörd təklifim var. Birincisi, 5G şəbəkələrinin işə salınmasıdır. Dünyada 5G-nin geniş şəkildə yayılmasını nəzərə alsaq, regional bazarlarda artıq 5G smartfonlarının tətbiqi və ictimaiyyətin məlumatlılığı yaxşı səviyyədədir", - o deyib.
O qeyd edib ki, 4G-yə investisiyalar ikinci variantdır ki, bu həm də 5G-yə investisiyalar deməkdir. Onun sözlərinə görə, qabaqcıl 4G təcrübəsi 5G-nin imkanlarını daha da gücləndirə bilər.
"Fiber to the Home" metodunun tətbiqi və xidmət paketlərinin daha da təkmilləşdirilərək yeni səviyyələrə çatdırılması isə növbəti seçimdir", - deyə Alex Xu qeyd edib.
O, həmçinin, son variantın yeni imkanların inkişafı olduğunu əlavə edib. Yüksəksürətli 5G və fiber-optik şəbəkələr sabit simsiz giriş, özəl xətlər və özəl şəbəkələr kimi informasiya-kommunikasiya texnologiyaları üçün daha çox imkanlar yaradacaq.
"Bu, müxtəlif təcrübə və ola bilsin ki, yeni tərəfdaşlıqlar tələb edəcək", - deyə o son olaraq bildirib.
Qeyd edək ki, "M360 Eurasia 2024" beynəlxalq konfransı 15-16 may tarixlərində Bakıda keçirilib. Tədbirdə aparıcı ekspertlər, bank nümayəndələri mobil operatorların və İT korporasiyalarının rəhbərləri, yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib. "M360 Eurasia" Bakıda artıq ikinci dəfə keçirilib.