...

Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Siyasət Materials 18 Oktyabr 2019 11:15 (UTC +04:00)
Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır!" bəyanatı bizim tezliklə öz torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir.
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı "Qarabağ Azərbaycandır!" bəyanatı bizim tezliklə öz torpaqlarımıza qayıdacağımız günün yaxında olduğunun göstəricisidir.

Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusundakı dəyirmi masada çıxışında deyib.

T.Gəncəliyev bildirib ki, İcma fəaliyyətini aktiv davam etdirir, istər ölkə daxilində, istərsə də ölkə xaricində intensiv görüşlər keçirir:

“Artıq ikinci dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiririk. Sonuncu görüş dünən baş tutub. Həmsədrlər bizimlə görüşdən dərhal sonra bəyanat verdilər. Bizim İcmanın münaqişənin maraqlı tərəfi kimi bəyanatda qeyd edilməsi onu göstərir ki, ermənilərin saxta iddiası qəbul olunmur. Biz münaqişənin maraqlı tərəfi kimi mövcuduq, ona görə də həmsədrlərin bizimlə görüşü, xüsusilə Qarabağ separatçılarının böyük narahatlığına səbəb olub. Onlar müxtəlif bəhanələr, iddialar irəli sürməklə bizim İcmanın həmsədrlərin bəyanatında qeyd olunmasını həzm edə bilmirlər".

İcma sədri vurğulayıb ki, informasiya müharibəsində, danışıqlarda, müzakirələrdə daha fəal iştirak etməliyik:

"Biz dünən həmsədrlərə bütün tələblərimizi, istəklərimizi çatdırdıq. Qeyd etdik ki, dəfələrlə erməni icması ilə görüş və dialoq aparmaq üçün müraciət etmişik. ATƏT-in Minsk Qrupu da bu mesajı dəfələrlə onlara çatdırıb. Ancaq erməni icması hələ də bizimlə görüşə reaksiya verməyib. Bütün beynəxalq ictimaiyyət qəbul edir ki, Azərbaycanın Qarabağ bölgəsində əvvəl-axır iki icma bir yerdə yaşamalıdır. Bunu erməni icması da gözəl başa düşür. Ancaq onların bizimlə birgə yaşamaq istəməmələri qeyri-konstruktiv niyyətlərindən xəbər verir. Biz bu məsələni açıq şəkildə həmsədrlərin qarşısında qoyduq ki, əgər onlar keçmişdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bizimlə bir yerdə yaşayıblarsa, nəyə görə adi bir dialoq qurmaqdan imtina ediblər? Bu, bir daha Ermənistan rəhbərliyinin və qondarma rejimin qeyri-konstruktiv mövqeyi və təcavüzkar tərəf olduğunun göstəricisidir. Biz, eyni zamanda həmsədrlərə işğal olunmuş ərazilərdə dağıdılmış mədəni-tarixi və dini irsimizin vəziyyəti haqqında məlumat verdik və tələb etdik ki, buna son qoyulmalıdır. Məsələn, son günlər Şuşada yerləşən Qarabağın əsas simvollarından biri olan Gövhər Ağa məscidinin "təmir" işlərinin başa çatması, onun fars məscidi adı altında təqdim edilməsi bizim böyük etirazımıza səbəb olub. Biz bir daha həmsədrlərə bildirdik ki, bu, Azərbaycan tarixinin saxtalaşdırılmasına yönələn bir addımdır və onlar ermənilərə təsir etməlidir ki, bu qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti