...

Etibar Əliyev: Vətəndaşlar unutmamalıdırlar ki, virusun ikinci dalğası istisna edilmir, təhlükə sovuşmayıb

Siyasət Materials 1 May 2020 09:33 (UTC +04:00)
Etibar Əliyev: Vətəndaşlar unutmamalıdırlar ki, virusun ikinci dalğası istisna edilmir, təhlükə sovuşmayıb

Bakı. Orxan Cuvarlı – Trend:

Xüsusi karantin rejiminin yumşaldılmasından sonra vətəndaşlarda yaranan arxayınlığı ehtiyatsızlıq kimi qiymətləndirirəm. Vətəndaşlar unutmamalıdırlar ki, virusun ikinci dalğası istisna edilmir, təhlükə sovuşmayıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, insanlar həyatın əvvəlki axarına qayıtdığını düşünməklə yanılır:

“Bir neçə gündür ki, yaşadığım ərazidə də insanlarda arxayınlıq müşahidə edirəm. Belə anlaşılır ki, insanlar karantinin yumşaldılması ifadəsini kritik dərəcədə yanlış anlayıb. Gündəlik yoluxma və sağalma statistikasına nəzər salsaq, təhlükənin hələ də tam sovuşmadığını görərik. Virusu unutmaq, ehtiyatsızlıq etmək, qaydalara riayət etməmək pandemiyanı yenidən aktivləşdirə bilər”.

Millət vəkili bildirib ki, Operativ Qərargahın və yaxud dövlətin hansısa aidiyyəti qurumunun yaydığı informasiyalardan sui-istifadə etmək olmaz:

“Dünyanın tanınmış mütəxəssisləri, aidiyyəti beynəlxalq qurumlar pandemiyanın sovuşmadığı, hətta bunun ikinci dalğasının gözlənildiyi barədə xəbərdarlıqlar edirlər. Ölkəmizdə bu istiqamətdə kifayət qədər maarifləndirici işlər aparılır. Hökumət virusun təhdidlərindən xilas olmaq üçün lazımi qabaqlayıcı tədbirlər görür. Ölkə başçısının bu istiqamətdəki göstərişləri nəticəsində ölkəmizdə virusla mübarizə çərçivəsində nümunəvi addımlar atılır”.

E.Əliyev qeyd edib ki, mövcud vəziyyət vətəndaşlarımızdan mümkün qədər məsuliyyətli və intizamlı olmağı tələb edir:

“İnsanlar məsuliyyətli və intizamlı olduğu halda həm cəmiyyəti, həm də özlərini bu təhlükədən qorumuş olacaq. Hazırda müşahidə edilən isə odur ki, vətəndaşlarımız pandemiyanın bitdiyini, təhlükənin sovuşduğunu düşünür. Dünyada bu pandemiyanın miqyası və nəticələri göz qabağındadır. Təəssüflər olsun ki, vətəndaşlarımızda bu mənada ciddi intizamsızlıq hiss olunur. Belə olduğu halda, bu istiqamətdə maarifçilik işlərinin daha da gücləndirilməsi zərurəti yaranır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti