...

Azərbaycanın Türkiyədəki səfiri və Təhsil Nazirliyinin departament müdiri İƏT Modeli iştirakçılarına mühazirə dedilər (FOTO)

Siyasət Materials 1 May 2020 10:27 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfiri və Təhsil Nazirliyinin departament müdiri İƏT Modeli iştirakçılarına mühazirə dedilər (FOTO)

Bakı. Trend:

Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən İƏT Modeli təhsil layihəsi artıq 3-cü həftəsini tamamlayaraq onlayn qaydada öz işinə uğurla davam etməkdədir.

Trend-in məlumatına görə, bu həftə Azərbaycan Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Nicat Məmmədli və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim layihənin yerli və beynəlxalq iştirakçıları üçün nəzərdə tutulan müvafiq mühazirələrlə çıxış ediblər. Beynəlxalq və yerli auditoriyanın maraqla qarşıladığı hər iki mühazirə ingilis dilində oxunub və natiqlər mühazirələrin sonunda layihə iştirakçılarının suallarını cavablandırıblar.

Layihənin formatına uyğun olaraq, qonaq səfir qismində layihədə iştirak edən Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim öz çıxışında pandemiya dövründə səfirliyin fəaliyyətindən və Türkiyədəki həmvətənlərimizlə bağlı görülən işlərdən, eləcə də post-koronavirus dövründə dövlətlərarası münasibətlərin perspektivlərindən və beynəlxalq təşkilatların gələcəkdə analoji vəziyyətlərdə göstərəcəyi gözlənilən davranışlarından bəhs edib. Səfir o cümlədən, pandemiya dövründə Türkiyə - Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipi çərçivəsində davam etdiyini qeyd edərək, yaranmış böhranın aradan qaldırılması istiqamətində qarşılıqlı məsləhətləşmələr və yardım siyasətinin uğurla həyata keçirildiyini bildirib.

Layihənin bu həftəki buraxılışında mütəxəssis kimi iştirak edən Azərbaycan Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Nicat Məmmədli “Müasir qlobal nizam və post-pandemiya gözləntiləri” mövzusunda çıxış edib. O, dünya düzəninin tarixi aspektlərinə nəzər salaraq, Vestfal sistemi formalaşandan bəri dünyada gedən qlobal proseslərin mahiyyətindən bəhs edib. N.Məmmədli öz çıxışında həmçinin, Avropada yoluxucu xəstəliklərin tarixindən bəzi misallar çəkərək, səhiyyə sahəsində tarixən yeni institutların yaranması məsələsinə toxunub və hal-hazırda dünyanı narahat edən koronavirus pandemiyasının bundan sonra doğuracağı çağırış və proseslərdən danışıb.

İslam iqtisadiyyatı üzrə mütəxəsis Anar Yusifzadə iştirakçılara İslam bankçılığının əsas prinsipləri, zəkat, dində pul dövriyyəsi, faiz məsələsi, iqtisadiyyata yatırımlar, mülkiyyətin formaları, İslam qaydalarına uyğun ticarətin aparılması haqda ətraflı məlumat verib. Natiq müasir şərtlər nəzərə alınmaqla, islam iqtisadiyyatı kontekstində qadağan olunan və icazə verilən bank əməliyyatları haqqında danışıb.

Xatırladaq ki, “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” təhsil proqramı artıq 10 ildir ki, uğurla həyata keçirilməkdədir. Bu il pandemiya səbəbi ilə proqramın bütün mühazirələri onlayn rejimdə, yalnız yerli dinləyicilər üçün Azərbaycan, yerli və beynəlxalq iştirakçılar üçün ingilis dilində həyata keçirilir. Son 3 həftənin onlayn yayımlanan mühazirələrinin ümumi baxışı artıq 40 minə yaxınlaşıb. Proqramın 2020-ci il mərhələsi daha 2 həftə onlayn rejimdə davam edəcək və sonda həm yerli, həm də beynəlxalq səviyyədə İƏT XİN Nazirləri Konfransının simulyasiyası ilə yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti