...

Deputat: Azərbaycanla "Microsoft" arasında əməkdaşlıq perspektivləri genişdir

Siyasət Materials 17 İyun 2020 13:12 (UTC +04:00)
Deputat: Azərbaycanla  "Microsoft" arasında əməkdaşlıq perspektivləri genişdir

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə videokonfransların keçirilməsi ölkə iqtisadiyyatının inkişafını müasir çağırışlara uyğunlaşdırmaq istəklərimizdən irəli gəlir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident İlham Əliyev müasir inkişafın əsas lokomotivinin texnologiyalar olduğunu qeyd edir və ona görə də son illər elektron hökumətin yaradılması, rəqəmsal ticarət habının formalaşdırılması istiqamətində ölkəmizdə böyük layihələr icra olunur:

““Microsoft” şirkətinin rəhbərliyi ilə 16 iyunda keçirilən videokonfransda da bu məsələlər geniş müzakirə olundu. “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq ölkəmizin qlobal pandemiya ilə mübarizədəki uğurlarını və yeni texnologiyalara transformasiya niyyətlərimizi yüksək dəyərləndirərək Azərbaycanla daha geniş spektrdə əməkdaşlıq etmək istədiklərini bildirdi.

“Microsoft” şirkəti dünyanın ÜDM-i 125 milyard dollar olan ən böyük 10 şirkətindən biridir. “Microsoft” şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcək. Rəqəmsal strategiya həyatımızın hər bir sahəsinin elektronlaşdırılmasına imkan verəcək.

Ölkəmiz süni intellektdən daha geniş istifadə etmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategiya üzərində işləyir. "Microsoft" şirkəti yaxın zamanda süni intellekt platformasının Azərbaycan dilini dərk etməsi üzərində işləyir. Bu da Azərbaycanı öz dilini süni intellektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcək.

Kibertəhlükəsizlik bizim üçün hər zaman aktualdır. Ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlardan qorunması aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaq.

Müzakirə olunan mövzulardan biri də süni intelekt üzərində qurulmuş Slikon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir. Düşünürəm ki, nəzərdə tutulmuş Avropanı Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcək. Ona görə də kibertəhlükəsizlik məsələsində "Microsoft" şirkəti ilə əməkdaşlıq perspiktivlərimiz genişdir”.

Deputat bildirib ki, dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir zamanda iqtisadiyyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulması aktuallaşır: “Bu, məsafədən idarəetmə və distant təhsil məsələləridir. Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyə hazır olmalıyıq. Yəni, qeyd etdiyim bütün məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın "Microsoft" şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti