...

Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır - Sahibə Qafarova

Siyasət Materials 26 Noyabr 2020 11:04 (UTC +04:00)
Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır - Sahibə Qafarova

Bakı. Elçin Mehdiyev – Trend:

Bildiyiniz kimi 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib Azərbaycana təhvil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova deyib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhvil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”.

Daha sonra Milli Məclisin sədri çıxış edərək bildirib:

“Dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli bir qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə, onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. İş o yerə çatmışdır ki, Fransa Senatının üzvləri Fransa hökumətini artıq mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.

Milli Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatla bağlıdır.

Məlum olduğu kimi, 30 ilə yaxın idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan bu danışıqlarda heç bir nəticə olmamasının əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymaması olub.

Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa Prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğurur.

Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulub. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəkləyir. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilibdir. Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti