...

Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstəkdir - Sevil Mikayılova

Siyasət Materials 22 Fevral 2022 20:21 (UTC +04:00)
Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstəkdir - Sevil Mikayılova

Bakı. Trend:

Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir. Rusiya və Azərbaycanın münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında quracaqları ilə bağlı maddənin Bəyannamənin birinci bəndində qeyd olunması da bunun göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir. Bununla da Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə sazişə hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.

"Əslində, bu bəyannamə özü də yenilik deyil, artıq bir ildir ki, sənəd üzərində hazırlıq işləri aparılırdı. Prezident İlham Əliyev hələ 2021-ci ildə Yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Yəni göründüyü kimi, bu sənəd üzərində uzun müddət idi ki, hazırlıq işləri görülürdü. Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bu bəyannamə Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Azərbaycanla Rusiya tərəfdaş ölkələrdir, bu bəyannamə ilə Azərbaycan və Rusiya arasındakı tərəfdaşlıq həm də qarşılıqlı müttəfiqlik səviyyəsinə qalxmış oldu", - deyə S.Mikayılova qeyd edib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir. Hələ ötən il iyunun 15-də qardaş Türkiyə dövlətilə imzalanmış Şuşa Bəyannaməsi də bu siyasətin göstəricilərindən biridir. İndi isə Şuşa Bəyannaməsinə oxşar sənəd Azərbaycanla Rusiya arasında imzalandı.

"İki ölkə başçısının birgə səyləri ilə Azərbaycan və Rusiya mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər. Rusiya bizim şimal qonşumuzdur. Azərbaycan-Rusiya münasibətlərinin çox geniş perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial və Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur", - deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, bu gün artıq Rusiya şirkətləri azad edilmiş ərazilərdə də işə başlayıb. 20-yə yaxın Rusiya şirkəti azad edilmiş ərazilərdə fəaliyyət üçün müraciətlər edib:

"Yəni iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər üzrə durmadan inkişaf edir və sözügedən bəyannamənin imzalanması da bu prosesə öz töhfəsini vermiş olacq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti