Bakı. Trend:
Azərbaycanın hər yerində olan məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir əngəl yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq.
Trend xəbər verir ki, bunu bu gün "Təzə Pir" məscidində jurnalistlərə açıqlamasında Qafqz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər:
"Gördüyünüz kimi qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu bir daha onu göstərir ki, Azərbaycanda olan bütün dindarlar arasında heç bir məzhəb ayrıseçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik.
Londonda səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı bütün millət cavabını verməlidir.
Həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdik. Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün səfirliklərə və üzv olduğumuz dini mərkəzlərə göndərdik".