Bakı. Trend:
Ermənistan Qarabağdakı erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə həyasızcasına yalan danışır, əslində isə Azərbaycan ermənilərin öz ərazisində yaşaması üçün ən yaxşı şərait təklif edib və təklif etməyə davam edir.
Bu barədə Trend-ə cümə axşamı "Azərbaycan Ukrayna Konqresi" İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko deyib.
"Azərbaycanın Qarabağ rayonundakı ermənilər ölkə ərazisindəki digər etnik qrupların nümayəndələri kimi Azərbaycan sakinləridir və Azərbaycan bütün sakinlərinin qayğısına qalır. Gördüyümüz kimi, Azərbaycan artıq neçənci gündür ki, Qarabağ rayonunun erməni sakinlərinə humanitar, ərzaq yardımı göstərir, onları yanacaqla təmin edir. Çünki onları öz sakinləri hesab edir. Bəzi KİV-lərin və sosial şəbəkədəki müəyyən şəxslərin iddia etdiyi kimi, Azərbaycan onları ölkə ərazisini tərk etməyə məcbur etmir. Əksinə, ölkə onlara qalmağı, Azərbaycan vətəndaşlığını qəbul etməyi və burada yaşamağı təklif edir", - Osadçenko deyib.
O qeyd edib ki, məhz hərbi xunta erməni əhalini Azərbaycanın Qarabağ rayonunu tərk etməyə məcbur edir.
"Telekanallarda göstərilən videomüsahibələrə, sosial şəbəkələrdə yayılan videomateriallara baxanda görmək olar ki, Qarabağ rayonunu tərk edən ermənilər özləri onları getməyə məhz hərbi xuntanın məcbur etdiyini təsdiqləyir. Lakin burada da Azərbaycan onlara keçid üçün yanacaq verməklə, qida ilə təmin etməklə hər cür dəstək göstərir. Videomateriallarda Azərbaycanın polis əməkdaşlarının onları su və qida ilə təmin etdiyini görmək olar. Bu halda hansı "etnik təmizləmə"dən danışmaq olar?", - Osadçenko deyib.
O, Azərbaycanda müxtəlif dini təriqətlərə mənsub olan çox sayda etnik qrupların yaşadığını vurğulayıb.
"Ermənilər, həmçinin Azərbaycan vətəndaşlığını qəbul etməklə və ölkə qanunvericiliyinə riayət etməklə bu cəmiyyətin bir hissəsinə çevrilərək burada xoşbəxt yaşaya bilərlər. Azərbaycan dünyada multikulturalizmin nümunəsidir və ölkəni qondarma "etnik təmizləmə"də ittiham etmək alçaqlıqdan başqa bir şey deyil. Biz hamımız çox gözəl bilirik ki, bu ittihamların məqsədi tamam başqadır. Ermənilər bununla Azərbaycanı qaralayaraq onun beynəlxalq arenadakı imicinə xələl gətirmək və bəzi ölkələri qondarma "erməni qaçqınları"nı saxlamaq üçün vəsait ayırmağa razı salmağa çalışır, əslində isə bu vəsaiti digər məqsədlərə sərf etməyi düşünür", - Osadçenko deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)