Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi
qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər
davam etdirilir.
Plana uyğun olaraq keçirilən tədbirlərdə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi
fikirlərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır, fikir
mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır
və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüşləri, eləcə
də ölkədə və regionda baş verən hadisə və yeniliklərlə bağlı
ətraflı məlumatlar verilir, Vətən müharibəsi və ondan sonrakı digər
uğurlu döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin
göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.
Bundan başqa, şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi,
mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın
möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər
aparılır.
Vətən keşikçiləri məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyir, üzərlərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini dərk edirlər.